Fevralın 21-də “Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin müvafiq Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında “Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsi” və “Hərbi təhsil müəssisələrində Azərbaycan dilinin və nitq mədəniyyətinin tətbiqi” mövzularında tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra xalqımızın Ulu Öndəri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor Sevinc Əliyeva, Əməkdar müəllim, Xarici dil kafedrasının rəisi İlhamə Məmmədova məruzə ilə çıxış ediblər. Çıxış edənlər xalqın, millətin var olmasının başlıca səbəblərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, toplumun xalq kimi məhz ana dili vasitəsilə özünü sübut etdiyini bildirib və bunun müstəqilliyimizin başlıca amillərindən sayılan dilimizə ehtiramın göstəricisi olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda da öz əksini tapdığını xüsusi vurğulayıblar.
Daha sonra tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış maarifləndirmə videosu nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları və qonaqlarla xatirə fotosu çəkdirilib.