• 19 Sentyabr 2026
logo
Türkiyə İsrail müharibəsi mümkündür?

Türkiyə İsrail müharibəsi mümkündür?

İsrailin Qəzza zolağına hücumları, dinc fələstinlilərin ölümü Türkiyənin haqlı narahatlıq və narazılığına səbəb olub. Türkiyə Prezidenti Ərdoğan bu narahatlığını dəfələrlə açıq şəkildə bəyanlayıb.
Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Texnoloji İnvestisiya Proqramında çıxışında deyib ki, soyqırım törədən qatil (İsrail Baş naziri Benyamin Netanyahu nəzərdə tutulur – red.) ABŞ Konqresində alqışlandı, bütün dünya gördü.
“40 minə yaxın qadın və uşaq öldü, Nümayəndələr Palatası alqışlayır. İnsanlar film izləyirmişcəsinə, körpələrin öldürülməsini izləyir, bunların qatili Netanyahu da Amerikada alqışlanır. Bəs insan haqları? “Qəzza qəssabı”nı Konqresdə qəbul edən, çıxışını 57 dəfə alqışlayan “ağıl tutulması” ilə üz-üzəyik. Sözdə bütün dünyaya demokratiya və insan haqları dərsi verənlər dövrümüzün Hitlerini baş tacı edirlər, zərrə qədər utanmırkar" - deyə Ərdoğan bildirib.
İsrail xarici işlər naziri İsrail Katz hesab edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailə mümkün hücumla bağlı açıqlamasından sonra Qərb ölkələri Türkiyəni NATO-dan çıxarmalıdır.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Türkiyə Prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikası fonunda, xarici işlər naziri İsrail Katz bütün diplomatlara Türkiyənin qınanması və ittifaqdan çıxarılması tələbi ilə NATO üzvləri ilə təcili olaraq təmasa keçmələri barədə təlimat verib”, - deyə bildirilib.
Katz həmçinin Ərdoğana 2006-cı ildə edam edilən Səddam Hüseynin taleyini xatırlamağı tövsiyə edib.
“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Sadəcə orada nə baş verdiyini və hər şeyin necə bitdiyini xatırlamalıdır”, - o bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi isə İsrail Katza cavabında bildirib ki. soyqırımçı Hitlerin sonu necə oldusa, Netanyahunun da sonu eyni olacaq.
“Necə ki, soyqırım törədən nasistlər cavab verdilər, fələstinliləri məhv etməyə çalışanlar da cavab verəcəklər. Bəşəriyyət fələstinlilərin yanında olacaq. Fələstinliləri məhv edə bilməyəcəksiniz”, - deyə vurğulanıb.
Politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə deyib ki, son günlər, İsrail Türkiyə münasibətlərinin gərginləşməsi, diplomatik söz duelinin real hərbi qarşıdurmaya keçmə ehtimalı barədə müzakirələr gedir: " Əvvəla Donald Trampın yenidən ABŞ prezidenti postuna gələcəyi halda, Yaxın Şərqdə müharibənin genişlənmə ehtimalı çoxdur. Ancaq Türkiyə və İsrail arasında bir başa hərbi toqquşma mümkün deyil. İsrailin Türkiyənin NATO üzvlüyündən xaric edilmə təklifi isə NATO üçün tam qəbuledilməzdir. İsrailin bu təklifi isə Türkiyənin manipulyasiya və manevr imkanlarını genişləndirir. Prezident Ərdoğanın dövründə Türkiyənin texnoloui və hərbi sənayesi ilə önə çıxması, enerjidaşıyıcılarının tranzitiyoru və özünün ixracçıya çevrilməsi, həm də Türkiyənin Rusiya, Çinlə münasibətləri ümumən Qərb və NATO-nun Türkiyə ilə son dərəcədə ehtiyatlı davranmağı şərtləndirir. Qərb heç bir halda İsrail - Türkiyə müharibəsinə imkan verən deyil, çünki bu müharibə Türkiyənin NATO - dan çıxması ilə nəticələnə bilər".
Rusiyalı siyasi ekspert Sergey Balsamov Türkiyə - İsrail əlaqələrinin NATO ölkələrini maraqlandırmadığını vurğulayıb: “Türkiyənin NATO-dan çıxarılması çağırışları tamamən anlamsızdır. Türkiyə Avropa qitəsinin ən böyük, NATO-nun ikinci böyük ordusuna sahibdir”.
Politoloq Elşən Manafovun fikrincə, Ərdoğan İsrail və HƏMAS arasında qarşıdurmanın başlandığı ilk gündən birmənalı şəkildə Netenyahu hökumətini Fələstin xalqının beynəlxalq birlik tərəfindən tanınmış hüquqlarına əhəmiyyət vermədiyini HƏMAS-ın isə Qəzza əhalisinin qanuni təmsilçisi olduğunu bildirmişdi. Qərbdəki tərəfdaşlarından fərqli olaraq HƏMAS-ı terrorçu təşkilat kimi tanınmamış, əksinə HƏMAS-a qarşı İsrail və Qərb tərəfindən müharibənin davam etdirildiyi bir şəraitdə HƏMAS liderləri ilə dialoqdan çəkinməmiş, onları MOSSAD tərəfindən təşkil edilə biləcək terror aksiyalarından qorumaq üçün Türkiyədə siyasi sığınacaq vermişdir: “Ərdoğan BMT TŞ-nin zamanında İsrail Fələstin münaqişələri ilə bağlı qətnamələrin əsasında münaqişə tərəfləri arasında qarşıdurmanın beynəlxalq hüquqi normativ aktlara nəzərən tərəfdarı olmuşdur.
Netenyahu hökumətini Qəzzanın mülki əhalisinə qarşı hərbi əməliyyatlardan çəkindirməyə çalışan Türkiyə prezidenti İsrailin baş naziri Netenyahunu Qəzzadakı qətliama görə ifşa edərək onun insanlıq və bəşəriyyətə qarşı cinayət işlətdiyini bildirmiş, Netenyahunun Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinin tərəfdarı olmuşdur.
İsrailin Rəfaha sığınmış Qəzza əhalisinə qarşı Misirlə həmsərhəd bölgədə cinayətə yol verdiyini bəyan edən Ərdoğan İsraillə Türkiyə münasibətlərinə embarqo qoymuş, ərəb dövlətləri və islam dünyasını İsrailə qarşı sanksiyalara çağırmışdır.
Lakin, təəssüf ki, ərəb dövlətlərinin siyasi elitaları arasında bu məsələdə həmişə olduğu kimi həmrəylik əldə etmək mümkün olmamışdır. Halbuki İsrailin enerji təhlukəsizliyi birmənalı şəkildə islam ölkələrinin hesabina təmin edilir, bundan əlavə onlar İsrailə silah daşiyan Qərb təyyarələrinin üzünə özlərinin hava məkanını bağlaya bilərdilər, lakin bəlli ərəb eltalarının mövqeyinə ABŞ tərəfindən olan təzyiqlər ərəb həmrəyliyinin qarşısında ciddi sipər olmuşdur.
Türkiyənin İsrailə olan mesajlarına da ərəb dövlətlərinin siyasi elitalarlnda münasibət birmənali deyil. Bəlli ərəb liderləri, ilk növbədə Səudiyyə bunu Ərdoğanın ərəb aləmində Osmanlı imperiyasının əvvəlki nüfuzunu bərpa etmək səyləri kimi yanaşırlar. Bu isə İsrailə hərbi əməliyyatların başlanacağı təqdirdə onların rəsmi Ankaraya qarşı olacaqlarını düşünməyə əsas verir. Türkiyəni Suriya, Livan, Yəmən kimi ərəb dövlətləri, habelə İran müdafiə edə bilər, ərazisində ABŞ hərbi bazalarınln olduğu ərəb ölkələri isə ya bitərəf, ya da İsrail ətrafinda çıxış edə bilərlər”.
O, vurğulayıb ki, ümumiyyətlə, ABŞ tərəflərlə olan münasibətlərindən çıxış edərək eskalasiyasının güclənməsinə yol verməyəcək.
Ərdoğanın antiisrail bəyənatlari həm də ölkənin diqqətinin xaricdə düşmən axtarışına yönəldilməsi ilə bağlı amillərdən də irəli gələ bilər. Unutmaq lazim deyil ki, hazirda Turkiyədə inflyasiya 92% bir həddə yaxinlaşib ki, bu da ölkə əhalisində Ərdoğan iqtidarina olan etimadı sürətlə əridir.
Bu arada vurğulayaq ki, Fələstin Prezidenti Mahmud Abbas Türkiyə hakimiyyətinin Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında çıxış etmək təklifini qəbul etməyib.
Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun imzaladığı Fələstin liderinə rəsmi dəvətin mətni çərşənbə axşamı Türkiyənin “Yeni Şafak” nəşrində dərc olunub.
“Sizi Türkiyə parlamentində Fələstin xalqının hüquqları və mübarizəsi mövzusunda çıxış etməyə dəvət edirik. Fələstinin səsini dünya ictimaiyyətinə çatdırmaq üçün tarixi fürsətiniz olacaq”, - deyə Ankaradan Ramallaha göndərilən dəvətdə qeyd olunub.
Nəşr vurğulayır ki, Mahmud Abbasın çıxışı zamanı HƏMAS hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də TBMM-in binasında olmalı idi və bu, Fələstində tərəflər arasında dialoq prosesinə töhfə olardı.
Eyni zamanda, Fələstin nümayəndələrinin iştirakı ilə parlament iclasının keçirilməsi İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı ilə eyni günə planlaşdırılırdı.
Lakin Fələstin Prezidenti sonda “sağlamlıqla bağlı problemləri” bəhanə edərək Ankaranın rəsmi dəvətini qəbul etməyib.
Bu arada, hakim Ədalət və İnkişaf Partiyasının Türkiyədəki nümayəndəsi Ömer Çelik Mahmud Abbasın Ankaraya dəvət edilməsi ideyasının şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana məxsus olduğunu bildirib.

Cavid