• 20 Sentyabr 2026
logo
Ərdoğan Fəth Günündə qələbəyə hazırlaşır

Ərdoğan Fəth Günündə qələbəyə hazırlaşır

14 mayda baş tutan prezident və parlament seçkilərinin nəticələri bir çoxları üçün sözün hər mənasında sürpriz oldu. ABŞ, Almaniya, Fransadan güclü dəstək alan Kılıçdaroğlunun ilk turdaca qalib gələcəyi, ən pis halda isə 49%-in üstündə bir rəqəmlə ikinci tura adlayacağını elan etmişdilər. Lakın seçkinin nəticələri Millət İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlunun ovqatını təlx edib.
Rəqibi Rəcəb Tayyib Ərdoğandan 4,5 xal geri qalan (fərq təxminən 2,5 milyona bərabərdir), girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğradı. "Sabah" qəzetinin yazdığına görə, seçki prosesi zamanı "yeddili koalisiya" masasından və çıxışlardan istədiyi cavabı ala bilməyən Kılıçdaroğlu koalisiya qrupunu bir arada saxlamaq üçün CHP-liləri hiddətləndirən güzəştlərə gedib. Belə ki, Kamal Kılıçdaroğlu 7 partiyalı koalisiyanın kiçik ortaqları Deva, Gələcək, Saadət və Demokrat Partiyasına verdiyi yerlərlə CHP millət vəkillərinin sayını "gülünc rəqəmlərə" endirib. Bu isə partiya üzvlərinin kəskin etirazına səbəb olub.
"Səsləri 0,1 də olmayan kiçik ortaqlara 10-10 mandat paylayan müxalifət sədri mübahisəli simaları CHP siyahılarında namizəd etməkdən də çəkinməyib. Hər fürsətdə hesab uzmanı olduğunu deyən Kamal Kılıçdaroğlu hakimiyyətdə olmaq xatirinə və bir çox fərqli qruplarla iş birliyini davam etdirmək üçün çox sayda adamı vitse-prezident və millət vəkilli postuna gətirəcəyi barədə vədlər verib və bu, CHP-ni qarışdırıb" - "Sabah" yazır.
CHP-dən xaric edilən Dəniz Baykala yaxınlığı ilə tanınan keçmiş dövlət naziri Mehmet Sevigen deyib ki, CHP lideri Kamal Kılıçdaroğlu dərhal istefa verməli və qurultayı çağırmalıdır. “Prezident seçkilərində yarışını davam etdirə bilər. Amma o, partiya sədri vəzifəsindən istefa verəcək. O, onsuz da “Prezident partiyalı olarmı?” deyirdi. Prezident partiyalı olmaz, amma sən davam edirsən və etibarını itirirsən”, - Sevigen bildirib.
Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə seçki qutularının 100 faizi açılıb, ölkədə iştirak 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib. Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, 49,51 faiz, Kemal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrem İnce isə 0,44 faiz səs toplayıblar. Prezident seçkisində namizədlər kifayət qədər səs toplamadıqlarına görə mayın 28-də seçkinin ikinci turu keçiriləcək. O da qeyd olunub ki, Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması açıqlanıb. Əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq. Həmçinin, qurumdan prezident seçkinin ikinci turunun təqvimi də açıqlanıb. Onun sözlərinə görə, xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə prosesi 20 mayda start götürəcək. Proses 24 mayda başa çatacaq.
Məlumata görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq. Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq. Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək. Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.
Yeri gəlmişkən, ən ciddi rəqabət parlament seçkisində getdi. Ərdoğan və Baxçalının rəhbərlik etdiyi Cümhur İttifaqı 49,3% səs toplayaraq, ən yaxın rəqibi Millət İttifaqı (35,2%) ilə arasında əhəmiyyətli fərq yaratdı.
Parlamentdə səs çoxluğunu qazanan Cümhur İttifaqı 28 mayda keçirilməsi gözlənilən ikinci turda böyük şans əldə etmiş oldu. Belə ki, hazırda Cümhur İttifaqının 321 (təxminən) millət vəkili yerinə sahib olduğu görünməkdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, 14 mayda əldə etdiyimiz səs faizini daha da yüksəldərək, 28 may seçkisindən zəfərlə çıxacaq, inşallah, tarixi bir uğura imza atacağıq!
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 14 mayda rekord iştirakla milli iradəni seçkiyə əks etdirən vətəndaşlara təşəkkür edib. “Türkiyəmizə yaraşan demokratiya təntənəsi yaşadıq. Dünyada bənzəri olmayan 90 faizə yaxın iştirakla...”, - deyə Ərdoğan bildirib.
AKP nümayəndəsi Həmzə Dağ ikinci tur prezident seçkiləri ilə bağlı yeni şüarı açıqlayıb - “Doğru Adamla Yola Davam”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki, qardaş Türkiyədə tarixi günə və tarixi hadisəyə şahidlik etdik: “Bu seçkilər sadəcə sıradan bir seçki marafonu deyildi. 14 may seçkiləri sözün bütün mənalarında əsl seçki məktəbi oldu. Qardaş Türkiyə möhtəşəm rəqabətli seçki prosesi, seçki mühiti ilə dostlarını sevindirdi, düşmənlərə isə öz demokratiya potensialını, gücünü göstərdi. Xüsusən də “Türkiyədə demokratiya yoxdur” iddiasını tirajlamaqla ortalığı qarışdırmağa və Türkiyənin imicinə kölgə salmağa çalışan Qərbə həqiqətən də dərs keçdi. "Ərdoğan onu “neo-Osmanizm”də, diktatorluqda, qeyri-demokratiklikdə ittiham edənlərə "Osmanlı tokatı" ilə Türkiyə demokratiyasını nümayiş etdirdi. Məlum oldu ki, həmişə öz demokratiyası ilə öyünən Qərbin də əslində Türkiyə demokratiyasından öyrənə biləcəyi çox şey var. Bu mənada, 14 may seçkiləri həqiqətən də mükəmməl demokratiya dərsi oldu".
Onun fikrincə, gördüyümüz kimi AKP iqtidarı çox mürəkkəb bir şəraitdə demokratik və şəffaf bir seçki prosesi təşkil edib. Nəticələrə əsasən deyə bilərik ki, Türkiyə bu cür demokratik seçki təşkil etməklə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu nümayiş etdirdi. Ərdoğanı diktatorluqda ittiham edən qaragüruhçular indi bilsinlər ki, əgər Ərdoğan iddia etdikləri kimi həqiqətən də diktator olsaydı, onda ötən gün biz bu ölkədə belə demokratik seçkilərə şahidlik edə bilməzdik. Odur ki, bədxahların uydurmalarına, qarayaxmalarına yox, real müşahidələrə əsaslanmalıyıq, inanmalıyıq: "Ərdoğanın da qeyd etdiyi kimi bu seçkilər tam sülh və əmin-amanlıq şəraitində keçdi və səsvermə prosesi Türkiyə demokratiyasına yaraşan şəkildə tamamlandı. Türkiyədə yaşayan soydaşlarımızdan biri sosial şəbəkədə yazdığı rəydə çox maraqlı bir təəssüratını qeyd etmişdi. Həmin azərbaycanlı yazmışdı ki, mən Türkiyədə hələ indiyə qədər bu cür qızğın, izdihamlı, dinamik seçki prosesi görməmişdim. Bu mənada, 14 may seçkilərinin həm qızğın ovqatda, həm də sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyənin demokratik yetkinliyinin ifadəsidir. Bəli, Türk demokratiyası bu gün bir daha çox böyük bir sınaqdan üzüağ çıxdı. Ona görə də biz bu gün demokratiya naminə səs verən, daha güclü Türkiyə naminə seçki prosesində iştirak edən bütün türk qardaş və bacılarımızın bu nailiyyətinə ürəkdən sevinirik. Cənab Rəcəb Tayyib Ərdoğanı və Cümhur İttifaqını prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə təbrik edirik. Milli Həmrəylik Partiyası olaraq qardaş ölkəyə əminamanlıq və tərəqqi arzulayırıq".
Ekspert Əkrəm Bəydəmirli isə bildirib ki, dünyanın diqqətlə izlədiyi Türkiyədə keçirilən seçki və ümumilikdə bu proses çox möhtəşəm idi. Seçkinin nəticələrindən asılı olmayaraq qardaş ölkə demokratiyaya sadiqliyini bir daha ortaya qoydu. O, qeyd edib ki, tələbkar Türkiyə seçicisinin bu proseslərə necə məsuliyyətlə yanaşdığının şahidi olduq: "Hətta sağlamlığı yerində olmayan, səhhətində problemlər olan seçicinin məntəqəyə gəlib səs verməsi Türkiyədə seçkinin nə qədər tarixi proses olmasından xəbər verir. Bütün yaxacıranların hay-küyünə, bəd proqnozlarına baxmayaraq, bu seçki ən yüksək səviyyədə keçirildi. Digər ölkələr üçün örnək olacaq bu şəfaf proses Türkiyənin və ümumilikdə imanlı, xarizmatik lider olan Rəcəb Tayyib Ərdoğanın uğurudur. Əminəm ki, qardaş ölkə tutduğu haqq yoluna sadiqliyini nümayiş etdirərək regionda və dünyada böyük uğurlara imza atacaq".
Politoloq Vasif Əfəndinin fikrincə, Türkiyədə seçkilərin ikinci tura daşınması türk xalqının iradəsi və demokratiyanın zəfəridir. Bir çoxları Ərdoğanın inzibati resuslardan tam yararlanaraq seçimləri ilk turda öz xeyirinə dəyişəcəyini desələr də, reallıq onu göstərdi ki, Türkiyədə xalqın iradəsinə tabe olmaq mədəniyyəti var: “Bu seçimlərdə Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. Seçici fəallığının maksimum olması millətin, dövlətin taleyinə biganə qalmamsı anlamına gəlməlidir. Türkiyədə Ərdoğan hökumətinin batıb qaldığı iqtisadi çətinliklərə baxmayaraq xalq demək olar ki, səslərin tən yarısını Ərdoğana və onun partiyasına verdi. Eyni zamanda fərqli və ənənəvi Avropa modelli inkişaf yolu təklif edən “Millət İttifaqı” da bir qədər az etimdala eyni münasibət gördü. Hadisələrin bu sayaq inkişafı təbii ki, qütbləşmə və bir gərginlik yaratsa da seçki prosesində kifayət qədər təmkinli və nümunəvi halın şahidi olduq. Türkiyə Yüksək Seçim Kurulunun təkrar seçkilırin 28 may tarixində keçiriləcəyi qərarından sonra hadisələrin eyni səviyyədə qızğın siyasi debatlarla keçəcəyi şübhəsizdir. Durumu dəyərləndirərkən Ərdoğanın daha üstün və inamlı olması əsasən AKP -nin məclisdə ən çox say qazanması və “Böyük Zəfər” üçün çox az sayda səsləri qazamaq şansının yüksək olması ilə əlaqədardır. Lakin qarşımızda yüksək seçki mədəniyyətinə malik olan bir Türkiyə var ki, indiyə qədər heç bir ciddi monitirinq qrupu belə bu və digər tərəfin tam mütləq zəfər çalacağı barədə proqnoz verməyib. Ərdoğanın qələbə ehtimalı böyük olsa da bu heç də asan başa gəlməyə bilər. Xatırladıram ki, təkrar seçkilərdə AKP-nin İstanbul Bələdiyyə seçkiləri məğlubiyyəti var. Eyni zamanda səslərin həlləedici qisminin Sinan Oğanda olması və onun da hələlik bu və ya digər ittifaqa dəstək nümayiş etdirməməsi gərginliyi bir qədər də artırır. Kemal Kılıçdaroğlunun qalib gəlməsi üçün Muharrem İncenin geri çəkilməsi hesabına 5 faizin üstündə səs qazanan Sinan Oğanın onu dəstəkləməsi yetərli deyil, bu ehtimalda kürd seçicilərin bir qismi sürüşə bilərlər. Bunun üçün eyni zamanda İncenin də Millət İttifaqı tərəfindən aktiv seçki təbliğatına qoşulması lazımdır. Bütün bunlar bir ehtimal olmaqla yanaşı ən rahat və asan yol İnce və Oğanın Ərdoğanı dəstəklməisidir. Bununla da “Cumhur İttifaqı” sonuncu hakimiyyətini qazanaraq gedərkən Türkiyəni növbəti ən yeni siyasi qüvvələrə buraxmış olacaq. Bu seçkilərdə Millət ittfaqı prezidentlik kürsüsünü qazanmazsa Atatürk ideyaları üzərində siyasi mövcudluğunu sürdürən partiyalar yeni qüvvələrlə əvəz olunacaq. CHP- nin başına isə yeni adlar gələcək”.
Onu da qeyd edək ki, Türkiyədə 28 mayda keçiriləcək II tur seçkilərindən bir gün sonra – 29 may tarixi İstanbulun fəthinin ildönümüdür. Ərdoğanın böyük səslə qazanacağı və qələbəni fəth günündə qeyd edəcəyi müzakirə olunur.
Cavid