Son günlər Güney Azərbaycan da daxil olmaqla İranın bir çox bölgəsində işçilər və təqaüdçülər piket və aksiya təşkil edirlər. Bəzi şəhərlərdə isə, əlil vətəndaşlar öz tələblərini səsləndirmək üçün etiraz mitinqi keçirir.
Bir neçə gün öncə əlil vətəndaşlar Ərdəbil, Tehran, Qum və Ərak kimi şəhərlərdə aksiya təşkil edərək tələblərinin yerinə yetirilməməsinə etiraz bildiriblər.
Yarırəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin verdiyi xəbərə görə, mitinqlərdə, əlilliyi olan vətəndaşlara dəstək qanununun 27-ci maddəsinin icra edilməməsinə etiraz edilib.
"27-ci maddəyə əsasən, dövlət ağır əlilliyi olan və heç bir işi və ya gəliri olmayan vətəndaşlar üçün yaşayış müavinəti müəyyən etməli və bunu illik büdcə qanunlarına daxil etməlidir. Yaşayış müavinəti minimum əməkhaqqına bərabər olmalıdır. Ancaq təqribən 6 il əvvəl qəbul edilmiş əlilliyi olan vətəndaşlara dəstək qanununun lazımi icra zəmanəti yoxdur. Hökümət builki büdcə tənzimləmələrində bu qanuna məxsus büdcə vəsaitini ləğv edib," deyə, İLNA-nın xəbərində qeyd edilib.
HRA agentliyi və İran İşçilərinin Azad Birliyinin məlumatına görə, iyunun 11-də Təbrizdə də təqaüdçülər etiraz mitinqi təşkil ediblər. Ərdəbil şəhərində bir qrup memar və mühəndis vilayətin Şəhərsalma İdarəsinin qarşısında aksiya keçirib.
İyunun 11-də İran telekommunikasiya şirkətinin təqaüdçüləri də Təbriz, Zəncan, Tehran və Ərak daxil olmaqla, ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş keçirməyə davam ediblər.