• 23 Aprel 2026
logo
Məktəb basqınlarının pərdəarxası

Məktəb basqınlarının pərdəarxası

Türkiyə Şanlıurfa və Kahramanmaraş vilayətlərində iki ayrı məktəbdə baş verən dəhşətli hadisələrlə sarsıldı.

Bu hadisələrdə çox dəyərli müəllimimizi və çox sayda balalarımızı itirdik. Bu faciəli hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Bəs bu dəhşətli hadisələrin arxa planında yatan gerçəklər nələrdir?

Əvvəlcə digər ölkələrə baxaq:

- Amerikanın Nyu-York şəhərində bir şagird avtomatik silahla məktəbi gülləbaran etdi! Onlarla ölən və çox sayda yaralanan var.
- Almaniyada yenə bir başqa şagird hadisəsi: 14 yaşlı alman uşaq internetdən əldə etdiyi silahla məktəbini gülləbaran etdi, onlarla ölən və çox sayda yaralanan oldu.
- Avstraliyada başqa bir hadisə: yenə bir uşaq məzun olduğu məktəbi basaraq müəllim və şagirdləri avtomatik silahla öldürdü.

… Və son olaraq Şanlıurfa və Kahramanmaraşda baş verən üzücü hadisələr.

Həkimə getdiyimiz zaman əvvəlcə diaqnoz qoyulur, elə deyilmi?

Həkim xəstəliyin nə olduğunu dəqiq müəyyən etdikdən sonra müalicəyə başlayır. Əgər əvvəlcə diaqnoz səhv qoyularsa, həm vaxt itirilir, həm də xəstənin xilas olma ehtimalı azalır.

Ankarada bir ailə dostumuzun evində söhbət edirdik. İki oğlan övladları var. Uşaqların məktəbi ilə ana maraqlanır. Həmin gün ana uşaqları məktəbdən götürməyə gedəndə maraqlı bir hadisə ilə qarşılaşır.

Ananın dediyinə görə, məktəbdə şagirdlər bir həftədir məktəbin ətrafındakı kanalizasiya lyuklarının altından “düşmən” axtarırmışlar!

Bu real, baş vermiş hadisədir. “Necə yəni?” dedim.

İzzət bəy dedi: “Məktəbdə uşaqlar mobil telefonlarında bir oyun oynayırmışlar. Oyunda verilən tapşırıqları yerinə yetirmək üçün bunu real hesab edib lyukların altından düşmən axtarırmışlar! Üstəlik bir-birləri ilə yarışırmışlar.” Doğrusu, heyrətə gəldim.

Çox maraqlı gəldi.

Bu hadisədən bir neçə ay sonra İstanbulda başqa bir ailə dostumuzla söhbət edirdik. “Uşaqlar necədir?” deməyə qalmadı, dedi: “Qardaş, hər şey yaxşıdır, amma uşaqları idarə edə bilmirik! Əllərindən öpərlər, biri 13, digəri 15 yaşında iki oğlum var. Bizi barmaqlarında oynadırlar. Son vaxtlar bir oyuna qurşanıblar. Bu oyunu real hesab edirlər və oyunun bir parçası olaraq real həyatda tətbiq etməyə çalışırlar!”

“Sözcü” qəzetində işlədiyim illərdə Çatalzeytinli bir esnaf tanışımızın qızı Qazaxıstanda Kommunikasiya fakültəsində oxumuşdu. (Sevgi Özçelik) bir müddət bizim yanımızda təcrübə keçmişdi.

Sevgi ilə illər sonra yollarımız yenidən kəsişdi. Telefonla zəng edib dedi: “İzzət abi, doktorluq işim üçün sizinlə görüşməliyəm, müsahibə almalıyam.”

Olukbaşındakı Elles kafedə görüşdük.

Sevgi suallar verdi, mən cavabladım. Səs yazımı aldı.

Sevgi doktorluq işində 12-15 yaş arası uşaqların Discord və s. kimi çoxsaylı qapalı platformalara ailələrin xəbəri olmadan daxil olduqlarını və bu oyunların son dərəcə təhlükəli olduğunu deyirdi.

Sevgi Özçelik doktorluq işini tamamlamaq üçün təkcə Kastamonuda təxminən 1300 uşaqla üz-üzə görüşdüyünü və hamısının bu tətbiqlərdən istifadə etdiyini, lakin heç birinin valideyn və müəllimlərinin bundan xəbərdar olmadığını dəhşətlə öyrəndiyini anlatdı.

Daha sonra öyrəndim ki, Sevginin doktorluq işi Yüksək Təhsil Qurumu (YÖK) tərəfindən kitab kimi çap edilərək Türkiyə üzrə bütün məktəblərdə dərs vəsaiti kimi istifadə olunması üçün qərar qəbul edilib.

Uşağınızın cibinə ağıllı telefon qoyduğunuz andan etibarən o uşaq artıq sizin uşağınız olmaqdan çıxır. Yəni artıq onu idarə edə bilmirsiniz!

Dünən Amerika, Almaniya, Avstraliya, bu gün isə Türkiyədə uşaqlar artıq qapalı sistemli oyunlar oynayırlar və bu oyunlara uşağın özündən başqa heç kim müdaxilə edə bilmir.

Bəs nə etməliyik? Məqalənin əvvəlində dedik: əvvəl düzgün diaqnoz, sonra müalicə.

Diaqnoz məhz budur: uşaqların beynini təsiri altına alan qapalı sistemli kompüter oyunları!

Rəqəmsal dünyaya istiqamət verən böyük proqram təminatı şirkətləri artıq nəhəng balinaların əllərinə keçmiş vəziyyətdədir. Onlar davamlı olaraq uşaqlar üzərində təsir yaradan sistemlər qurur, bir-biri ilə rəqabət aparır və milyardlarla dollar qazanırlar. Uşaqlarımızın bir-birini öldürməsi isə onların vecinə deyil.

Bəs biz nə etməliyik? Yerli və milli imkanlarımızla yetişdirdiyimiz proqramçı beyinlərə bu təhlükəyə qarşı qoruyucu proqramlar hazırlatmalıyıq. Bu proqramları uşaq ilk dəfə telefon istifadə etməyə başladığı gündən etibarən həmin telefona avtomatik olaraq qurmağımız lazımdır. Uşaqlarımızı bu qapalı və zərərli oyunlardan yalnız bu şəkildə qoruya bilərik.

Əks halda hər müəllimin və hər şagirdin yanına ayrıca polis qoymaq mümkün deyil. Zəhər varsa, onun qarşısında mütləq əks təsir də olmalıdır.

Yenidən Urfa və Maraşda həyatının baharında bu faciəli hadisələr nəticəsində həyatını itirən balalarımıza Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirəm.

Günün sözü:

“Hər şeyi bir kənara qoyun, 12-17 yaş arasındakı uşaqlarımıza diqqət yetirin…”

İzzət Sarı