• 16 Sentyabr 2024
logo
Əmək hüquqlarımızı necə təmin edə bilərik?

Əmək hüquqlarımızı necə təmin edə bilərik?

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən vətəndaşa verilən hüquqlardan biri də Əmək hüququdur. Orada qeyd olunur ki, “Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır və s.”.
Bu gün əmək hüququnun dünyanın əksər ölkələrində pozulduğunu, insanların bütün günü yalnız zəruri ərzaq, qida ehtiyaclarını ödəmək üçün işlədiyini müşahid edə bilirik. Əmək hüquqları üçüncü dünya ölkələrində daha çox pozulsa da, inkişaf etmiş ölkələrdə də bu problemin olduğunu deyə bilərik. Ölkəmizdə də müəyyən edilmiş iş saatından artıq əməklə məşğul olan insanlar az deyil. Son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb.
Vətəndaşların əmək hüquqularının qorunması ilə bağlı bir sıra QHT-lər maarifləndirici tədbirlərhəyata keçiriblər. Onlardan biri də Vətəndaş Hüquqlarının Müdafəsinə Dəstək İctimai Birliyidir. QHT bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mövzu ilə bağlı hüquqi maarifləndirici layihə həyata keçirib.
QHT sədri Fuad Əliyev qəzetimizə verdiyi açıqlamasında öncə onu deyib ki, əmək qanunvericiliyinə əsasən, həftəlik iş norması 40 saatdır. Gündəlik 8 saatdan artıq işçi işləyə bilməz. Bu 40 saatdan əlavə saatda ki, işçi işləyib, bunun üçün işçi özünün saatlıq əmək haqqının iki mislindən az olmayaraq əlavə ödəniş almalıdır. Amma bu tələb pozulur. Azərbaycanda 5 milyondan artıq əmək qabiliyyətli insan var, bu da o deməkdir ki, əmək qanunvericiliyinin 5 milyondan çox subyekti var. Lakin buna baxmayaraq, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində həm dövlət qurumları, həm media, həm də qeyri-hökumət təşkilatları çox az iş görürlər. Azərbaycanda əmək hüququ pozuntusu ilə bağlı çoxsaylı problemlər olsa da, Əmək Müfəttişliyi, həmkarlar ittifaqları, dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıdırlar. Hökumət özü də Azərbaycanda əmək hüquqlarının pozulması faktını inkar etmir. Hətta prezident İlham Əliyev özü də dəfələrlə bu haqda danışıb: “BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə təşkil edilsə də Azərbaycan 12 may 1992-ci ildə BƏT-in üzvüdür, onun 57 Konvensiyasına qoşulub. Azərbaycan qanunvericiliyində nəzərdə tutulana görə, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman tam iş vaxtıdır.
Hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin gecə işinə cəlb edilməsi qanunsuzdur. Əlilliyi olan işçilər gecə vaxtı işə öz razılığı və xüsusi qurumların rəyi ilə cəlb edilə bilər. Azərbaycanın əmək bazarında problemlərdən biri, bəlkə də ən birincisi işçi ilə işəgötürən arasında müqavilələrinin bağlanmamasıdır. Tikintidə müqaviləsiz işləmə hallarını vurğulayan prezident, 2017-ci ildə “tikintidə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı” fərman imzalayıb.
Dünyanın hər yerində müqaviləsiz çalışanlar var. Hətta Avropdada da iş adamları maraqlıdırlar ki, heç bir müqavilə bağlamadan əsasən miqrantları işə qəbul etsinlər. Amma orada elə bir stimullaşdırıcı mexanizmlər qurulub ki, işəgötürən çox böyük risk edib müqaviləsiz işçi çalışdırır. O iş adamının lisenziyası əlindən alına, biznesinə böyük cərimələr gələ, ümumiyyətlə iş həyatına son qoyula bilər. Buna görə də Avropada bu tipli riskə gedənlərin sayı azdır. Azərbaycanda isə əsasən tikintidə, ictimai iaşədə yüzlərlə, minlərlə, bəlkə də on minlərlə insan heç bir müqaviləsiz çalışırlar. Bunu da hamı bilir, amma bununla bağlı ciddi addımlar da atılmır”.
Onun sözlərinə görə, Azərbaycanda əmək hüquqları pozulan şəxslərin rəsmi statistikası məlum deyil. Amma 2022-ci il ərzində müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zaman 1807 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb: “Bir çox müəssisələrdə, bura dövlət və özəl müəssisələr də daxildir, işçilərin müxtəlif formalarda əmək hüquqları pozulur. Maaşlar gecikdirilir, əmək şəraiti yaxşı təmin olunmur, artıq iş saatı tətbiq edilir, təhlükəsizlikləri təmin olunmur, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmır, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb edə bilmir, qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə edə bilmir, ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə edə bilmir, əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb edə bilmir, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilmir, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə edə bilmir, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını ala bilmir və s. Bütün bunlar işçinin öz hüququnu bilməməsindən irəli gəlir.
F.Əliyev onu da vurğulayıb ki, Azərbaycanda əmək hüququ pozuntusu ilə bağlı çoxsaylı problemlər olsa da, Əmək Müfəttişliyi, həmkarlar ittifaqları, dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıdırlar. Qeyd edib ki, bu sahədə qəbul edilən bir çox qanunverici aktlar, xüsusən “Tikinti sahəsində qeyri-formal əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanı bəzi yerlərdə icra olunmur. Bundan başqa ən çox pozuntular əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və digər hallarla bağlı olub. Eyni zamanda işçilərin bu sahədə maariflənməsinə böyük ehtiyac var: “Ona görə də vətəndaşları əmək hqüquqlarının qorunması ilə bağlı bu il bu mövzuda layihə həyata keçirdik. QHT bununla bağlı Bakıda və rayonlarda fəaliyyət göstərən bir neçə müəssisədə monitorinqlər aparıb və 7 hüquqi maairfləndirici tədbir keçirib. İnformasiya əsrindəyik, hər birimizin internetə çıxışımız var, indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır. Ona görə də fəaliyyətimizi informasiya əsrinin tələblərinə uyğun istiqamətdə də qurmağı daha məqsədəuyğun hesab etdik. Mövzu ilə bağlı beş yazı hazırlayıb yerli internet resurslarında ictimailəşdirdik. Bu formada ideoloji maarifləndirmə işinin daha geniş auditoriyanı əhatə edəcəyi və effekt verəcəyinə, eyni zamanda digər sosial şəbəkələrdə də ictimailəşdirməklə daha müsbət nəticələr əldə edəcəyimizə inanırıq. Əsas məqsəd vətəndaşların əmək hüquqlarının qorunması istiqamətində onların maariflənməsinə dəstək olmaqd və qeyri-formal əmək münasibətlərinin üzə çıxarmaq üçün monitorinqlər aparmaqdır”.
QHT sədri qarşıya qoyulan vəzifələrdən də bəhs edib. Deyib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanlara bu sahədə dəstək olmaq, vətəndaşların əmək hüquqarını qorumaq, işçilərin hüquq və azadlıqlarının təminində onlara dəstək olmaq, əmək sahəsində hüquq və azadlığı pozulan işçinin hüququnu müdafiə etmək, əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirmək, əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət üzrə münasibətləri öyrənmək, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləməsi ilə bağlı vətəndaşları məlumatlandırmaq, dövlətimzin əmək münasibətləri sahəsindəki siyasətini vətəndaşlara aşılamaq, əməyin hüquqi tənziminin əsas prinsiplərini tanış etmək, istehsalat demokratiyası və zəhmətkeşlərin şəxsiyyətinin inkişafının prinsiplərini aşılamaq, yerli media, QHT nümayəndələri, bu sahənin araşdırmaçıları arasında əməkdaşlıq əlaqələrini qurmaq əsas vəzifələrdən biridir ki, buna da nail ola bildik.

Cavid