“Uncover This” adlı tarix məzmunlu xarici bir səhifənin Azərbaycanla bağlı paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Baymedia.az Globalinfo.az-a istinadla xəbər verir ki, səhifə Yaponiya, Yuta və Azərbaycanda aşkar edilmiş petroqlifləri müqayisə edib.
Paylaşımda qeyd olunur ki, bir-birinə çox bənzəyən petroqliflər üç ayrı ölkədə müxtəlif zamanlarda yaşayan qədim insanlar tərəfindən qayalara həkk olunub. Yaponiyada Fuqoppe Mağarasındakı təsvir təxminən 7000, Yutada Doqquz Mil Kanyonunda 1000-2000 il əvvəl qeydə alınıb. Bunlardan ən qədiminin isə 10 000 il əvvəl Azərbaycanın Qobustan yaşayış məskənində qeydə alındığı bildirilir.
Qayaüstü oymada naməlum qanadlı varlıq təsvir olunub, bu əsasən, uçan insanı xatırladır. Səhifə vurğulayır ki, diqqətçəkən məqamın bu təsvirlərin bir-birindən tamamilə müxtəlif vaxtlarda, çox uzaq coğrafiyalarda fərqli mədəniyyətlərə sahib insan toplumu tərəfindən oyulmasıdır. Bu, potensial mədəni qarşılıqlı təsir və əlaqələr, yaxud ortaq simvolizmlə bağlı suallar doğurur. Həmçinin qədim cəmiyyətlər arasında qanadlı varlıqlarla bağlı ümumi mifoloji çərçivənin mümkünlüyü ortaya çıxmış olur.
Sözügedən paylaşıma ən çox reaksiya bildirənlər isə ermənilər olub. Onlar Azərbaycanın qədim tarixə malik olması həqiqətini yenidən inkar edib, qeyri-ciddi münasibət və gülünc rəyləri ilə diqqət çəkiblər.