• 22 Dekabr 2024
logo
Qarabağda dirçələn sənaye parkları

Qarabağda dirçələn sənaye parkları

İşğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu prosesləri davam edir. Regionda iki yeni sənaye parkı yaradılıb və onların formalaşması, təmərküzləşməsi mərhələsidir. Burada yeni rezidentlər qeydə alınır, sahibkarlar daha güzəştli şərtlər təklif edən sənaye parklarında fəaliyyət göstərməyə üstünlük verirlər. Bu yaxınlarda daha bir şirkətə - “Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.
Bundan əvvəl “Eos Qrup” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən sənaye parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 11,9 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Habelə sənaye zonasında rezident statusu almış “Mətanət” MMC tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqların istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Cəbrayıl rayonunda yaradılan sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünüb. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi olacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq. Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.
Ağdamda yerləşən Ağdam Sənaye Parkında da yeni müəssisələr qurulur. Azərbaycanda ilk dəfə məhz burada olaraq elektrikli avtomobillər üçün şarj cihazları istehsal ediləcək. Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin artıq 85%-i yekunlaşıb. Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək. Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur. Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.
Bundan başqa, Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 27-yə çatıb. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə tava və qazan istehsal ediləcək. 100 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə xarici ölkələrə ixracı da nəzərdə tutulur. “Asilsoy” Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.
“Eos Qrup” MMC Ağdam Sənaye Parkının 7,6 hektar ərazisində investisiya həcmi 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi açacaq və 49 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsul daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. “AS İstehsal” MMC tərəfindən Sənaye Parkının 5,5 hektar ərazisində investisiya həcmi 5,4 milyon manat olan inşaat materialları istehsalı kompleksi yaradılacaq və 95 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Daha bir şirkət - "Tabaterra" QSC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində tütün məmulatlarının istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 40,5 milyon manat təşkil edən müəssisədə 300 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
“Ağdam Süd” MMC tərəfindən Sənaye Parkının ərazisində investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi inşa ediləcək. 40 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. “BAFCO İnvest” MMC Ağdam Sənaye Parkının 1,3 hektar ərazisində ildə 500 min cüt ayaqqabı istehsal etmək gücündə olan müəssisə inşa edəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 120 nəfər işlə təmin ediləcək. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.
Daha bir rezident -“Qarabağ Steel” MMC Sənaye Parkının 5 hektar ərazisində investisiya dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur. Digər bir şirkət - “Thermo Natural Azerbaijan” MMC Sənaye Parkının 1 hektar ərazisində alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının istehsalı zavodunu inşa edəcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Bu layihələr Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək. Sənaye zonaları işğaldan azad olunmuş ərazilərdə yerli iqtisadiyyatın dirçəldiliməsində mühüm alətlərdən biri hesab olunur. Qarabağda sənaye parkalrının yaradılmasında daha bir məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.

Tərlan