Kiçik və orta biznesin rəqəmsallaşmasına dəstək məqsədilə “digiMATE” platforması yaradılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, rəqəmsal transformasiya müasir biznesin formalaşmasını şərtləndirən aparıcı amildir. Elektron ticarət, rəqəmsal ödənişlər, süni intellekt, böyük verilənlər, blokçeyn, “əşyaların interneti” – bütün bu faktorlar ənənəvi biznesin rəqəmsal biznesə keçidində özünəməxsus rol oynayır. Rəqəmsal transformasiya kiçik və orta biznesdə (KOB) innovasiyaları sürətləndirmək və bununla da rəqabət qabiliyyətini gücləndirmək üçün əsas vasitə kimi ön plana çıxır (AZƏRTAC).
Göründüyü kimi, qlobal tendensiyalar və ölkəmizdə İKT sektorunun davamlı inkişafı KOB-ların rəqəmsallaşmasının sürətləndirilməsini zərurətə çevirir. Ümumiyyətlə, rəqəmsal transformasiya bizneslərə bir sıra sahələrdə rəqabət üstünlüyü qazandırır. Rəqəmsallaşmanın təşəkkülü KOB-lara daha çevik qərarlar vermək, yeni məhsul və xidmətlər təqdim etmək, şəffaflığı təmin etmək, müştəri məmnuniyyətini artırmaq, əməliyyat xərclərini azaltmaq, insan kapitalını daha səmərəli idarə etmək və minimum resurslarla maksimum effektivlik imkanı yaradır.
Belə ki, yeni rəqəmsal dövrün reallıqlarına əsaslanaraq ölkə miqyasında KOB-ların çoxşaxəli rəqəmsallaşma layihəsi çərçivəsində “digiMATE” platforması istifadəyə verilib. Platforma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı nəticəsində reallaşdırılır. “digiMate” platformasına www.digimate.az üzərindən daxil olmaq mümkündür.
“digiMATE” kiçik və orta bizneslərin rəqəmsallaşma bələdçisidir və rəqəmsallaşma səyahəti boyunca onları müşayiət edəcək. “digiMATE” korporativ rəqəmsal transformasiyanın mühüm aspektlərini əhatə edir və iki istiqamətdən ibarətdir: Rəqəmsal Yetkinlik İndeksi (RYİ); RYİ+ (rəqəmsal yetkinliyi orta və yüksək səviyyədə olan KOB-lar üçün nəzərdə tutulmuş qiymətləndirmə sistemi).
Rəqəmsal Yetkinlik İndeksi bizneslərin rəqəmsallaşma səviyyələrini ölçmələri üçün qiymətləndirmə aləti rolunu oynayır. Belə ki, KOB-lar platformada qeydiyyatdan keçdikdən sonra RYİ vasitəsilə rəqəmsallaşmanın hansı mərhələsində olduqlarını müəyyən edə biləcəklər. KOB-lar əldə edilən göstəricilərə əsasən, “Rəqəmsal həvəskar”, “Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal çempion” kateqoriyalarına bölünəcəklər.
“Rəqəmsal həvəskar” və “Rəqəmsal təşəbbüskar” kateqoriyalarına aid olan KOB-lar bu istiqamətdə təkmilləşmək məqsədilə maarifləndirici təlimlərdən, seminarlardan faydalana biləcəklər. Bu təlimlər sayəsində onlar rəqəmsal transformasiya prosesində ölkəmizdə ehtiyac duyulan bacarıq və səriştələrlə yanaşı, ən qabaqcıl beynəlxalq təcrübəyə də yiyələnə biləcəklər.
“Rəqəmsal tətbiqçi” və “Rəqəmsal çempion” kateqoriyalarına aid olan KOB-lar RYİ+ qiymətləndirməsi çərçivəsində xüsusi vauçerlər əldə edirlər ki, bu da olanlara rəqəmsallaşma səyahətində daha geniş imkanlar yaradır. Onu da qeyd edək ki, “digiMATE”in RYİ+ istiqaməti müvafiq rəqəmsal xidmət təchizatçılarını KOB-ların rəqəmsal transformasiya ehtiyaclarına görə uyğunlaşdırır və KOB-ların bu xidmətlərdən faydalanmasını mümkün edir. Bu təchizatçılar fərqli sahələr üzrə ixtisaslaşırlar, məsələn, kibertəhlükəsizlik, bulud həlləri, rəqəmsal marketinq, “ERP” sistemləri və digər xidmətlər. KOB-ların dostu - “digiMATE” bununla da hər bir şirkətin rəqəmsal transformasiyasını sürətləndirən yeni real perspektivlər yaradır.
Bunlarla yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanıb istismara təqdim edilən Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunan qurumların sayı artıb. Belə ki, dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1083 qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə qurumlar arasında ümumilikdə 500 mindən çox sənəd dövr edib.
Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilib. Eyni zamanda altsistemin funksionallığı genişləndirilərək sənədlər üzrə qurumlararası məlumatlandırma imkanı yaradılıb. Bu funksionallıq ilkin mərhələdə Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində tətbiq edilib, digər qurumlarda tətbiqi üzrə işlərə başlanılıb. Yeni funksionallıqların tətbiqi sayəsində Rəqəmsal Sənəd Dövriyyəsi üzərindən göndərilən sənədlər üzrə komunikasiyanın daha effektiv aparılması təmin ediləcəkdir. Belə ki artıq göndərilən sənəd üzərindən yazışma aparılma funksionallığı təqdim olunur ki, bununla da qarşı tərəfdən sənədin statusu, ləğvi və digər proseslərlə bağlı məlumat almaq imkanı yaradılır.
Qeyd edək ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli fərmanına əsasən hazırlanıb. “Kağızsız Hökumət”ə keçid çərçivəsində tətbiq edilən altsistem dövlət orqanları (qurumları) arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılmasına xidmət edir
KOB-ların satış imkanlarını artırmaq üçün sərgilərdə iştirakı və ticarət şəbəkələrinə çıxışı də dəstəklənir. Satış imkanlarını artırmaq və yeni bazarlara çıxışa dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu istiqamətdə təklif etdiyi xidmətlərdən 2024-cü ilin yanvar-iyun aylarında 60-a yaxın mikro, kiçik və orta biznes (KOB) subyekti faydalanıb. KOBİA-nın təşkilatçılığı və ya dəstəyi ilə keçirilmiş 4 sərgi və yarmarkada 38 KOB subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb. Bu sərgilər çərçivəsində KOB-lar məhsullarını geniş auditoriyaya təqdim etməklə və yeni əməkdaşlıqlar qurmaqla satış imkanlarını genişləndiriblər. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını artırmaq istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 24 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 21 sahibkara dəstək göstərilib. Qeyd edək ki, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə Bakı şəhərində fəaliyyət göstərən ticarət şəbəkələrində 8 satış nöqtəsi yaradılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının "Bravo", "Bolmart", “Megastore”, "Şərq bazarı" kimi ticarət şəbəkələrində satışının təşkil olunması üçün müraciət edə bilərlər.
Bunlarla yanaşı “Bakı KOB evi”ndə də sahibkarlara xidmətlər göstərilir. Bəs “Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər? 2024-cü ilin yanvar-iyun aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər. Sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edib.
Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 121122 (76.69%), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - 13196 (8.36%), Dövlət Vergi Xidməti - 2793 (1.77%), Dövlət Gömrük Komitəsi - 1113 (0.70%), Fövqəladə Hallar Nazirliyi – 586 (0.37%), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) – 473 (0.30%), İqtisadiyyat Nazirliyi – 434 (0.27%), Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi – 288 (0.18%), Qida Təhlükəsizliyi Agentliyi – 141 (0.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0.04%) tərəfindən göstərilib. Bu, 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər “Bakı KOB evi”nə edilmiş ümumi müraciətlərin 88,8%-ni (140216) təşkil edib.
Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara 157940 xidmət göstərilib ki, bunun 140556-sı dövlət, 17384-ü isə özəl qurumlar tərəfindən təmin olunub.
Tərlan