Məqsədimiz Orta Dəhlizi "yaşıl" dəhlizə çevirməkdir.
APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının beynəlxalq əlaqələr meneceri Natavan Ağayeva (Port of Baku) COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbirdə deyib.
"Beynəlxalq ticarət sadəcə insanların və malların hərəkətliliyi deyil. Həm də çox ciddi ekoloji problemlər və təhlükələr təşkil edə bilər. Bakı limanı Qərb və Şərq, Asiya və Avropa arasında vacib qapı rolunu oynayır. Biz xalis sıfır emissiya üzrə ambisiyaları hədəf kimi qoymuşuq. 2035-ci ilə kimi buna çatmağı hədəfləyirik. Belə qısa zamanda bu cür hədəfə çatmaq region üçün ilk olacaq. Bakı beynəlxalq limanına regionda ilk dəfə olaraq Avropa Dəniz Limanları assosiasiyası tərəfindən yaşıl liman sertifikatı verilib"- deyə o qeyd edib.