2023-cü ilin əvvəlindən ölkədə investisiya fəallığı müşahidə olunur. Belə ki, bu ilin yanvar ayında əsas kapitala 1,092 milyard manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artmışdır. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, büdcə vəsaitləri 47,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, bank kreditləri 2,9 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil etmişdir. Göründüyü ki, investisiya qoyuluşlarında büdcə vəsaitləri daha çox paya - 47,7 faiz malikdir.
Maraqlı və müsbət haldır ki, pandemiyadan sonra iqtisadiyyata sərmayə yatırımlarında artım meyilləri qeydə alınır. Belə ki, 2022-ci ildə əsas kapitala 18,272 milyard manat, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 10,611 milyard manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14,719 milyard manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13,462 milyard manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.
Əslində son illər Azərbaycan iqtisadiyyatına investsiyaların azalması müşahidə olunur. Belə ki, 2021-ci ildə əsas kapitala 16,127 milyard manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 10,537 milyard manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4,561 milyard manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,8 milyard manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,016 milyard manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil etmişdir.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1300-dək müraciət daxil olub.
Xarici investorları özəlləşdirmə prosesinə də daha aktiv şəkildə cəlb etmək olar. Özəlləşdirmə prosesində investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalıdır. Hər halda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər. Bunlarla yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin investorlar üçün cəlbediciliyiniu artırmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. İnvestorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi vacibdir. Müəssisələrin özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları, potensial investorlara daha əlverişli şəraitin yaradılması faydalı ola bilər.
Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır. Aparılan islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulmuşdur və "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilmişdir.
İlk növbədə yeni sahibkarlıq subyektlərinin yaradılması, qeydiyyatı prosedurları asanlaşdırılıb. Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirililib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılmışdır ki, bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. Hətta dünyada ən əlverişli nümunələrdən biri sayılır. Belə ki, sahibkarlıq subyektlərinin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Qeydiyyat prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv olunub, prosedur tam ödənişsizdir.
Mahir Həmzəoğlu