• 25 Sentyabr 2026
logo
Artan gəlirlər və yüksələn qiymətlər

Artan gəlirlər və yüksələn qiymətlər

Azərbaycanda əhalinin gəlirlərinin, orta əməkhaqqının, banklardakı əmanətlərinin artımı ilə yanaşı qiymətlərin də yüksəlməsi, ikirəqəmli infilyasiya müşahidə olunur.
2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2,0 faiz artaraq 1,716 milyon nəfər olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2023-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 854,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.
İşlyənlərin sayındakı və otra əməkhaqındakı artım əhalinin yığım imkanlarını da artırır. Təsadüfi deyil ki, banklarda əmənətlərin artımı müşahidə olunur. Belə ki, Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 18,6 faiz artaraq, martın 1-nə milli valyuta ekvivalentində 11,902 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 61,3 faizi milli, 38,7 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 13,6 faiz artıb. Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,81 (1,82) manata, 100 Türk lirəsinə 8,96 (9,01) manata, 100 rus rubluna 2,23 (2,33) manata bərabər olub.
Maraqlıdır ki, 2023-cü il fevralın 1-dən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmasına başlanılıb və bundan sonra banklarda əmanətlərin azalacağı gözlənilirdi. Amma bu baş vermədi, əksinə əmanətlərin həcmində artım müşahidə edilir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycanda fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilmişdi. Qeyd olunan güzəştin müddəti 2023-cü il fevralın 1-də başa çatdı, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən 10 faiz dərəcə ilə vergi tutulur. Bununla belə, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilmir. Eyni zamanda qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.
Əhalinin gəlirlərinin artması fonunda bu ilin əvvəlindən qiymətlərdə də artım meyilləri davam edir. Gəlirlərin infilyasiya təzyiqi yaratdığını da söyləmək olar. Amma bahalaşmanın əsas səbəbləri dünya bazarında qiymətlərin yüksəlməsi və mövsümi amillərlə bağlıdır. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz yüksəlib. 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin mart ayına nisbətən 113,6 faiz təşkil edib.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin mart ayına nisbətən 111,6 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma mebellərin, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, şampunların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, kompüterlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dünya bazarında ərzağın bahalaşması davam edir. Əslində yüksək ərzaq qiymətləri milyonlarla insanı ifrat yoxsulluğa sürükləyən, aclıq və qida çatışmazlığını artıran qlobal böhrana gətirib çıxarıb. Dünya Bankının hesabatına görə , COVID-19 pandemiyası qlobal yoxsulluğun azaldılmasında böyük uğursuzluğa səbəb olub. İndi iqlim şokları və münaqişələr nəticəsində qida və enerji qiymətlərinin artması meyilləri davam edir. FAO-WFP hesabatına görə, kəskin ərzaq çatışmazlığı ilə üzləşən və təcili yardıma ehtiyacı olan insanların sayının 53 ölkə və ərazidə 222 milyon insana çatacağı gözlənilir. BVF-nin hesabatlarına görə , ərzaq və gübrə idxal qiymətlərinin yüksək olmasından ən çox təsirlənən 48 ölkədə həssas ailələrə kömək etmək üçün əlavə xərclərə 5-7 milyard dollar lazımdır. Kəskin ərzaq təhlükəsizliyinə son qoymaq üçün əlavə 50 milyard dollar tələb olunur.
2022-2023-cü illər dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verdi. Sonra həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım qeydə alınsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir.
Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi aktuldır. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Hətta 2023-cü ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir. Bəzi hallarda süni qiymət artımlarına rast gəlinir ki, buna imkan vermək olmaz.
Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənəvi sahə kimi kənd təsərrüfatının yenidən dircəldilməsinədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandalıq əsas sahələr olacaq. Xüsusən də post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.
Mahir Həmzəoğlu