Ağdam rayonunda yaz tarla işləri aparılır. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər. 3382 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 550 hektarı yazlıq buğda, 242 hektarı kartof, 1929 hektarı tərəvəz, 661 hektarı yem bitkisidir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq buğda 100 faiz, kartof 0,8 faiz, tərəvəz 29 faiz, yem bitkisi 30,6 faiz artıb. Yazlıq əkinlərin 2818 hektarı və ya 83,3 faizi fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatı tərəfindən, 564 hektarı və ya 16,7 faizi kənd təsərrüfatı müəssisələri tərəfindən aparılıb. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandarlıq əsas sahələr olacaq. Qarabağda 1,213 milyon hektar torpaq sahəsinin yarısı - 591,776 min hektarı əkinə yararlı torpaq sahələri, 231,056 min ha əkin sahəsi, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahələrdir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlar üzrə 139,814 ha ərazidə əkin aparılırdı ki, bu da ölkə üzrə əkin sahələrinin 7,7%-i qədərdir. Bunun 76,827 hektarını taxıl (ölkə üzrə 14,3%-i), 8165 ha pambıq (ölkə üzrə 2,7%-i), 1889 ha tütün (ölkə üzrə 11,6%-i), 774 ha kartof (ölkə üzrə 3,3%-i), 955 ha tərəvəz (ölkə üzrə 2,3%-i), 410 ha bostan (ölkə üzrə 5,3%-i), 2435 ha meyvə və giləmeyvə (ölkə üzrə 1,8%-i), 48359 ha üzüm (ölkə üzrə 24,7%-i) sahələri təşkil edirdi.
Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir. Ölkə iqtisadiyyatının 6%-ni əhatə edən aqrar sektor həm ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Buna görə də, dövlət kənd təsərrüfatının davamlı inkişafına dəstək göstərir. Bu, bütün dünyada belədir, əks halda dünyada şəhərləşməsinin vüsət aldığı bir dövrdə kəndlinin təsərrüfata, əkib-biçməyə marağı daha da azala bilər. Həm də aqrar sektor olduqca riskli bir sahədir. Bununla belə müsbət haldır ki, Azərbaycanda hətta pandemiya dövründə belə kənd təsrrüfatında artım meyilləri müşahidə olunur. Bunlarla yanaşı, ölkəmizdə fermerlərin daha əlverişli kreditlərə əlçatanlığı, girovsuz kredit almaq imkanlarının məhdudluğu, gübrələrin baha olması, risklərin sığortalanması, məhsuldarlığın aşağı olması, məhsuldar toxumların əldə edilməsi, kənd təsərrüfatı məhsullarının satışının təşkili sahəsində ciddi problemləri var və ərzaq təhlükəsizliyinin aktuallaşdığı bir zamanda onların həlli çox vacibdir.
İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatı dirçəldildikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq. Post-konflikt rayonlarda ildə ortalama 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Xüsusən də post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.
Post-konflikt rayonlarda ənənəvi heyvandaqlıq sahələri yüksək potensiala malikdir. Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait var. Heyvandarlıq Qarabağın iqtisadiyyatında özünəməxsus mühüm yer tutan mühüm ənənəvi sahələrdən biridir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək və camışlar), 1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir. Qarabağın iqtisadiyyatında ənənəvi sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş Yuxarı Qarabağ və Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəgilan rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta istehsal edilirdi. Ölkə üzrə ət və süd istehsalının 15%-i, yumurta istehsalının isə 8,8%-i bu regionun payına düşürdü. Heyvandarlıq sahəsində Qarabağ və Şərqi Zəngəzur rayonlarında belə yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir.
Dünyada ərzağın bahalaşdığı bir zamanda Qarabağda kənd təsərrüfatının dirçəldilməsi müstəsna əhəmiyyətə malikdir. Hətta 2023-cü ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir. Bu, həm də ərzaq təhlükəsizliyimiz, daxili bazarın ekoloji təmiz, keyfiyyətli məhsullarla təmin olunması baxımından vacibdir.
Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, iqtisadiyyatının yenidən qurulması, əhalinin məskunlaşdırılması dövlətin qarşısında duran mühüm vəzifələrdir. Bunun üçün çox böyük vəsait tələb olunsa da, Azərbaycan dövləti onları həyata keçirmək iqtidarındadır. İşğaldan azad olunmuş ərazilərin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib. Regionda böyük tikinti işləri aparılır, yerli iqtisadiyyatın qurulmasına özəl investisiyalar da cəlb olunacaq. Burada böyük investisiya yatırmaq imkanları olacaq. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Birinci mərhələdə 66 min keçmiş məcburi köçkünün azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulur.
Hazırda əsas investor Azərbaycan dövlətidir və bütün mənbələr hesabına Qarabağda bərpa işlərinə 6,4 milyard manat vəsait xərclənib. 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat ayrılıb. Bunlarla yanaşı 10 il müddətinə vergilərdən azad olunan regiona özəl sektorun sərmayələrinin də aktiv cəlb olunması və əlverişli biznes mühitinin yaradılması nəzərdə tutulur.
Ağdam həm də sənaye şəhəri olacaq. Bu sahədə ilk addımlarını atan Ağdam Sənaye Parkıdır. Sahibkarlar burada fəaliyyət göstərməyə maraq göstərirlər. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında “Ağdam Süd” MMC-yə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 16-ya çatıb. Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən Sənaye Parkına 2,2 milyon manat investisiya yatırılacaq, 40 nəfər işlə təmin ediləcək. “Ağdam Süd” MMC tərəfindən Sənaye Parkının ərazisində investisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisəsi inşa ediləcək. 40 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ağdam Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon manata yaxın olan təkcə 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq. Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, parkın fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınacaq.
Qarabağın gələcək iqtisadiyyatında sənaye sektoru əsas aparıcı sahələrdən biri olacaq. Artıq hökumət bununla bağlı mühüm qərarlar qəbul edib, bir sıra tədbirlər görülür. Xüsusən də Ağdamda sənayenin tamamilə yenidən qurulması, rəqabətqabiliyyətli yerli məhsul istehsalı və yeni iş yerlərinin yaradılması, bunun hesabına öz ata-baba yurdlarına qayıdacaq insanların iş yeri ilə təmin edilməsi nəzərdə tutulur.
Mahir Həmzəoğlu