• 24 Sentyabr 2026
logo
Sahibkarların sayı artır...

Sahibkarların sayı artır...

Son illər Azərbaycanda sahibkarlıq fəliyyəti ilə məşğul olanların sayında artım müşahidə olunur ki, bu da biznesə olan maraq və qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə bağlıdır. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. 2023-cü il mayın 1-nə respublika üzrə uçotda olan 1,442 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,6 faiz, hüquqi şəxslərin sayı isə 9,6 faiz artıb.
Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 166 min təşkil edib, onlardan 104095-nin fəaliyyəti aktiv olub. Kommersiya hüquqi şəxslərin 90,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32050 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz artım deməkdir. Yanvar-aprel aylarında 5305 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 87,7 faizi yerli investisiyalı, 12,3 faizi xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,2 faiz təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 681 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Sahibkarlığın inkişafı, yeni sahibkarlıq suyektlərinin yaranması və faktiki fəaliyyət göstərməsi həm də vergi ödəyicilərinin sayının artması deməkdir. 2023-cü il mayın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 732,2 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz çoxalıb və 42 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 193,2 minə çatıb.
Sahibkarlıq subyektlərinin sayının artması özünü büdcə daxilolmalarında da göstərir. Belə ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 672,2 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,4 faiz artıb. Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4 mlrd. 3,4 mln. manat olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 37,7 milyon manat təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 56,7 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 41,8 milyon manat təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 291,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,1 faiz artıb və 204,3 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 201 min şəxs qəbul edilib və onlara 384 min sayda xidmət göstərilib ki, bunlardan 104 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 97 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88,6 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib. Bu xidmətlərə bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi; vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi; vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; Asan İmza sertifikatlarının verilməsi; vergi ödəyicilərinə arayışların verilməsi; vergi ödəyicisinin fəaliyyətinin bərpası; fiziki şəxsin uçotdan çıxarılması daxildir. Yanvar-aprel ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 8,9 mindən çox yazılı müraciət cavablandırılıb, 5,4 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 811 minə yaxın SMS göndərilib. 1297 vergi ödəyicisinin iştirakı ilə 97 görüş keçirilib, 1695 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Yanvar-aprel aylarında ümumilikdə 79 min müraciət üzrə 121 min Asan İmza sertifikatı verilib.
Azərbaycdanda bizneslə məşğul olanlar daha çox mikro, kiçik fərdi sahibkar kimi qeydiyyatdan keçməyə üstünlük verirlər. Bu, onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq, digər vergilərdən azad olmaq imkanları verir. 2023-cü il aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 248 mini ötüb. Rəsmi statistikaya əsasən, hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,2 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,7 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 77,8 faizini kişilər, 22,2 faizini isə qadınlar təşkil edir. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 33,7 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 24,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,2 faizini təşkil edir. Sahibkar qadınların 29,5 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 9,2 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (26,6 faiz), Gəncə-Daşkəsən (25,4 faiz), Naxçıvan Muxtar Respublikası (24,5 faiz), Bakı (24,1 faiz), Lənkəran-Astara (22,3 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Bəs kimlər mikro və kiçik sahibkar hesab olunur? Mikro, kiçik və orta sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkar meyarlarına uyğun olaraq müəyyən olunur. Mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan, kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3000 min manatadək olan, orta sahibkarlara işçilərinin orta siyahı sayı 51 nəfərdən 250 nəfərədək, illik gəliri 3000 min manatdan 30000 min manatadək olan müəssisələr aid edilir.
Mahir Həmzəoğlu