Azərbaycanın neft-qaz sənayesində daha bir mühüm tarixi hadisə baş verdi. “TotalEnergies” şirkəti və onun tərəfdaşı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizində, Bakıdan, təxminən, 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə hasilata başlandığını elan etdi. Bu yatağın ilk işlənmə mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. Onun hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edır. “Abşeron” qazının Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə TotalEnergies və SOCAR hər biri 50 faiz paya malikdir. Yeri gəlmişkən, SOCAR-ın tərəfdaşlarından sayılan “TotalEnergies” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət “Abşeron” qaz-kondensat yatağında 50 faiz, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsində isə 5 faiz paya sahibdir.
“Abşeron” yatağı ötən əsrin 60-cı illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib. O zaman mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərinə imkan vermədiyindən yatağın istismarı mümkün olmayıb. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələndiyindən 2005-ci ildə müqaviləyə xitam verilib. Bununla belə, Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri “Abşeron” yatağında məhsuldar layların olması ilə bağlı fikirlərində israrlı idilər. Eyni zamanda, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar.
Məhz bu inamın nəticəsi olaraq 2009-cu il fevralın 27-də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə “SOCAR” və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib.
2020-ci il sentyabrın 19-da isə “Abşeron” qaz-kondensat layihəsinin reallaşdırılması istiqamətində mühüm hadisə baş verib. Həmin gün Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.
Xəzər dənizində, “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Elə bu zənginliyinə görə də “Abşeron” yatağının bir neçə mərhələdə işlənməsi nəzərdə tutulur. Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir. Bütövlükdə isə, yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bir qədər əvvəl açıqladığı hesabatında bildirilirdi ki, “Şahdəniz” və “Abşeron” yataqları 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatının artımının təkanverici qüvvələri olacaq. Hesabatda o da qeyd olunurdu ki, Azərbaycanın köhnə yataqlarında hasilatın əsas azalmasının digər yataqlar hesabına kompensasiya olunacağı gözlənilir. Bu artımın isə, əsasən, “Şahdəniz” və “Abşeron” yataqları hesabına baş verəcəyi proqnozlaşdırılır. Göründüyü kimi, “Abşeron” yatağının karbohidrogenlərlə zənginliyi artıq beynəlxalq səviyyədə də qəbul olunur.
Ölkəmizdə son 10 ildə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon ton təşkil edib. 11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
"Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra daha 35 saziş bağlayıb. 1997-ci ildə Azərbaycanda neft hasilatı illik 9 milyon ton olub, lakin "Əsrin müqaviləsi" bağlandıqdan sonra neft hasilatı 5,6 dəfə artdı və 2010-cu ildə 51 milyon tona çatdı. Lakin sonrakı illərdə “qara qızıl” hasilatı illik 35 milyon tonadək azaldı. bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub. AÇG-də iştirak payları bp - 30,37%; SOCAR- 25%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil - 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%-dir.
Azərbaycan qaz ixracı imkanlarını da genişləndirir. Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq. TAP-ın imkanları mərhələli şəkildə ikiqat artırılacaq.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub.
Mahir Həmzəoğlu