• 24 Sentyabr 2026
logo
Azərbaycan-Türkiyə iqtisadi əlaqaləri genişlənir

Azərbaycan-Türkiyə iqtisadi əlaqaləri genişlənir

Dekabrın 21-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin, Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü il dönümünə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.
Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək. Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq. Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək. Bununla yanaşı, sahibkarlar arasında görüşlər təşkil olunacaq.
Əslində məqsəd iki qardaş ölkı arasında iqtisadi əlaqələri genişləndirmək, qarşılıqlı investisiyaları və ticarət dövriyyəsini artırmaqdır. Türk dünyasının bir parçası olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə, ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını, xüsusən də türk dövlətləri ilə əməkdaşlıq əlaqələrini xeyli sürətləndirib. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır. Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir. Mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir. Türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Türk dövlətlərində paytaxtlararası məsafənin böyük olması ticarət dövriyyəsinə mənfi təsir göstərsə də, ortaq dil, ÜDM, əhali sayı və ümumi sərhədlərin mövcudluğu ticarət dövriyyəsinə müsbət təsirləri var.
Yaxın illərdə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması nəzərdə tutulur. 2022-ci ildə isə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollara çatıb. Bütövlükdə isə ötən il bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanla qardaş Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar təşkil etdiyi halda, ötən il bu rəqəm 5 milyard 842 milyon dollaradək yüksəlib. Son illər ölkəmizin türk dövlətləri ilə apardığı ticarət əlaqələrində ən yüksək artım Türkmənistanla Qazaxıstanın payına düşür. Belə ki, ötən il Türkmənistanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 5,1 dəfə artaraq 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara çatıb. 2022-ci ildə Qazaxıstanla 598 milyon 486 min dollarlıq ticarət əməliyyatları aparılıb ki, bu da əvvəlki ilə nisbətən 4,4 dəfə çoxdur. Bundan əlavə, ötən il Azərbaycan Özbəkistanla 183 milyon 307 min dollar, Qırğızıstanla isə 10 milyon 809 min dollarlıq ticarət əməliyyatları aparıb ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 64 faiz və 17 faiz çoxdur.
Azərbaycanın xarici ticarət dövriyyəsində Türkyə Rusiyanı ötərər 2-ci yerə yüksəlib. Belə ki, Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkəmizin xarici ticarət dövriyyəsinin 31,0 faizi İtaliya, 15,5 faizi Türkiyə, 7,9 faizi Rusiya, 5,9 faizi Çin, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 2,9 faizi Yunanıstan, 2,3 faizi Hindistan, 1,8 faizi İspaniya, hər biri 1,7 faiz olmaqla Gürcüstan, Birləşmiş Krallıq və Çexiya, 1,6 faizi Türkmənistan, hər biri 1,4 faiz olmaqla ABŞ və Rumıniya, hər biri 1,1 faiz olmaqla Fransa, Xorvatiya və Vyetnam, 13,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşür. Bu yaxşı tendensiyadır.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 119 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 37,367 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 23,193 milyard dollarını və ya 62,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14,174 milyard dollarını (37,9 faizini) isə idxal məhsulları təşkil edib. Nəticədə 9 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,9 faiz, real ifadədə 4,6 faiz azalıb. İdxal real ifadədə 4,6 faiz artıb, ixrac isə 7,7 faiz azalıb. 2023-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 11,1 faiz, real ifadədə 6,2 faiz artaraq 2712,5 milyon dollar təşkil etmişdir.
İxracın 44,8 faizini İtaliyaya, 16,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Yunanıstana, 3,3 faizini Rusiyaya, 2,8 faizini Hindistana, 2,4 faizini İspaniyaya, 2,2 faizini Çexiyaya, hər biri 2,1 faiz olmaqla Gürcüstan və Almaniyaya, 1,8 faizini Rumıniyaya, 1,6 faizini Xorvatiyaya, 1,5 faizini Birləşmiş Krallığa, hər biri 1,3 faiz olmaqla Bolqarıstan və İrlandiyaya, 1,2 faizini Vyetnama, 0,8 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla Avstriya və İndoneziyaya, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,5 faiz), Türkiyəyə (24,9 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (4,8 faiz), Qazaxıstana (3,1 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,9 faiz), Qırğızıstana (1,6 faiz), Özbəkistana (1,4 faiz), Latviyaya (1,4 faiz), Rumıniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,0 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payıdır. Ölkəyə idxal olunmuş məhsulların 17,6 faizi Çin, 17,5 faizi Rusiya, 13,5 faizi Türkiyə, 5,4 faizi Almaniya, 4,5 faizi Türkmənistan, 4,3 faizi ABŞ, 2,7 faizi İran, 2,6 faizi Fransa, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,4 faizi İtaliya, 2,0 faizi Birləşmiş Krallıq, 1,8 faizi Belarus, hər biri 1,4 faiz olmaqla Braziliya və Qazaxıstan, 1,3 faizi Ukrayna, 1,2 faizi Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Gürcüstan, 12,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşür.
Maraqlıdır ki, Azərbaycan üçün qeyri-neft məhsulları üzrə əsas ənənəvi ixrac bazarı Rusiya olub. Amma bu ildən bu sahədə vəziyyət Türkiyənin xeyrinə dəyişməyə başlayıb – Türkiyə 25 faiz, Rusiya 32,5 faiz. Bu isə son illər qardaş Türkiyə ilə artan dinamika ilə inkişaf edən siyasi və iqtisadi əlaqələrlə bağlıdır. Ancaq idxalda Çin birinci olub, Rusiya 2-ci, Türkiyə 3-cüdür. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycana idxalın payında Türkiyənin bir qədər də önə keçəcəyi gözləniləndir. Çünki ən əlverişli İpək yolunun bərpa olunması ilə Çindən gələn yüklər Qazaxıstan, Azərbaycan, Zəngəzur dəhlizi, Naxçıvan və Türkyə üzərindən Avropaya qədər daşına biləcək. Bu yol həm qısadır, həm daha ucuz olacaq, həm vaxt baxımından yüklər daha tez mənzil başına çatacaq. Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunan Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid tarif və gömrük sisteminin yaradılması isə yaxın illərdə türk dövlətləri arasında iqtisadi əlaqələrin, xüsusən də ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Bu baxımdan Azərbaycan-Türkiyə İnvestisiya Forumunun keçirilməsi əhəmiyyətli bir tədbirdir.

Mahir Həmzəoğlu