Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,893 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,3 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Küveyt, 1,3 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil edir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,5 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Hindistandan - 1,9 dəfə, Polşadan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Tacikistandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,5 dəfə, Moldovadan - 1,5 dəfə, Özbəkistandan - 49,8 faiz, Belarusdan - 48,3 faiz, Rusiya Federasiyasından - 42,9 faiz, Kanadadan - 41,2 faiz, ABŞ-dan - 38,1 faiz, Küveytdən - 30,3 faiz, Gürcüstandan - 28,9 faiz, Fransadan - 26,4 faiz, Niderlanddan - 25,9 faiz, İsraildən - 24,4 faiz, Böyük Britaniyadan - 24,0 faiz, Türkiyədən - 20,6 faiz, Almaniyadan - 18,4 faiz, Ukraynadan - 12,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 7,8 faiz artmışdır. Göründüyü kimi, çinlilərin ölkəmizə marağı və səfərlərində nəzərə çarpan artım müşahidə olunur.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47,1 faiz artaraq 758,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,7 faiz artaraq 97,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 312,8 min nəfər olmuşdur. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7 faizi hava, 27,0 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Bu ilin 11 ayında keçən illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1,709 milyon nəfər olmuşdur. Rusiya Federasiyasına gedənlərin sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 21,9 faiz artmış, İrana gedənlərin sayı 25,8 faiz azalıb. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib. 2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Əslində pandemiyadan sonra ölkənin turizm sektorunda canlanma müşahidə olunur. Bu ilin yayında da turizm sektorunda qiymətlərin baha olması diqqət çəkdi. Qış ayları da bu baxımdan istisna deyil. Regionlarda qiymətlər yüksək, xidmətlərin kefiyyəti aşağıdır. Quru sərhədlərinin bağlı olması səbəbindən insanlar ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Bahalı təyyarə bileti alıb, yayı xaricdə keçirmək hər adamın cibinə və imkanlarına uyğun deyil. Kasıblar yayı evində keçirir, orta təbəqə isə ölkə daxilində turizmin imkanlarından yararlanmağa çalışır. Aviabiletlərin fantastik qiymətləri şəraitində Azərbaycanın bölgələrində istirahət həm də sərfəli görünə bilər. Amma heç də hamının istirahət eləmək imkanı yoxdur. Çünki bölgələrdə bu il də qiymətlər əlverişli deyil. Otellərdə qiymətlər 50 manatdan 300 manata qədər dəyişir. Bir adamın 1 günlük istirahət xərcləri ən azı 100 manat ətrafındadır. Xidmətin keyfiyyəti də aşağıdır. Yeni il şənlikləri günlərində maksimum qazanc əldə etmək əsas hədəfdir. Bizdə turizm hələ də mövzümi xarakter daşıyır, ilboyu davam edən turizm formalaşmır. Bunda həm sahibkarların günahı var, həm də əhalinin gəlirlərinin turizmə pul xərcləmək üçün yetərli olmamasının. Sahibkarlar bayram günlərində sanki turistləri soymağa girişirlər, müştəri məmnunluğu, növbəti aylarda onları yenidən qonaq kimi cəlb etmək strategiyaları yoxdur.
Ümid Qarabağda turizmin inkişafı nəticəsində rəqabət mühitinin yaranmasınadır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 12 milyard manat xərcləyib. Əvvəl 2023-cü ilin dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 3 milyad manat ayrımışdı, sonradan büdcəyə dəyişiklik edilməklə bu məbləğ daha 2,260 milyard manat artırılaraq 5,3 milyard manata çatdırıldı. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək. Artıq bunun ilk işartıları görünür. Belə ki, 2022-ci ildə ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, ötən il bu rayonda 775 fərdi sahibkarlıq subyekti qeydiyyata alınıb, 184 yeni iş yeri açılıb.
Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Sözügedən prioritetlərin icrasının təmin edilməsi məqsədilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Strategiyada 4-cü Milli prioritetin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı” çərçivəsində icrası nəzərdə tutulmuşdur.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı təsdiq olunub.
Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır. Bütün bunlar isə regionda turizmin də inkişafına təkan verəcəkdir. Qarabağda turizm sektoru iqtisadi baxımdan ən əlverişli və gəlirli sahələrdən biri olacaq. Bunun üçün yüksək potensial imkanlar mövcuddur.
Mahir Həmzəoğlu