Sabiq maliyyə naziri: “Ermənistan iqtisadiyyatının böyüməsinə səbəb olan kənar faktorlardır”
2023-cü ilin yanvar-noyabr aylarında Ermənistanda iqtisadi fəallığın 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 % artması Paşinyan və komandası tərəfindən ölkədə həyata keçirilən islahatların real nəticəsi və uğur kimi təqdim olunur. Əslində reallıq necədir? 2023-cü ildə qeydə alınan iqtisadi artım nə qədər keyfiyyətli və sabitdir? Bütün bunlar hansı proseslərin hesabına baş verib və 2024-cü ildə Ermənistan iqtisadiyyatını nə gözləyir? Ermənistanın sabiq maliyyə naziri, iqtisadçı ekspert Vardan Aramyan öz ölkəsinin media resurslarına müsahibəsində bütün bu məqamlara aydınlıq gətirib və qeyd edib ki, 2023-cü ildə Ermənistan iqtisadiyyatında nəzərə çaroan fəallıq və artım endogen faktorların təsiri altında reallaşıb: “Bu, əsasən Rusiya-Ukrayna münaqişəsi nəticəsində baş verib. Rusiya sanksiyalara məruz qaldı, bunun nəticəsində şirkətlərin miqrasiyasının, onların maliyyə resurslarının Rusiya və Ukraynadan ölkəmizə daşınmasının, reeksport və bu prosesdə birbaşa və dolayısıyla iştirak edən əlaqəli sahələrin kəskin şəkildə artdığının şahidi olduq.
Bu müddət ərzində ayrı-ayrı şəxslər tərəfindən Rusiyadan Ermənistana çoxlu pul köçürmələri oldu. Vətəndaşlar Rusiya banklarındakı əmanətlərinin iqtisadi faydalarından yararlana bilməyəcəklərindən ehtiyat edərək pullarını Rusiyadan çıxartdılar. Yəni biznes və əhali, xüsusən də sanksiyalardan sonra aktivlərini diversifikasiya etməyə çalışdı. Nəticədə bu vəsaitin bir hissəsi Ermənistana axdı. Vəziyyətdən faydalanan banklar kifayət qədər böyük komissiyaların tətbiqi ilə rekord qazanc əldə etdilər.
Ermənistanın iqtisadi artımını təmin edən digər amil isə Rusiya vətəndaşlarının Ermənistana axınıdır. Turist kimi gəldilər, amma iki ildir ki, buradadırlar. Onlar fəal şəkildə xidmətlərdən istifadə edir, ticarətlə məşğul olur və iqtisadi fəallığı təmin edirlər. Hökumətin isə burada hər hansı bir rolu olmayıb. Hökumət, sadəcə baş verənlərə maneə yaratmayıb. Əgər 2022-23-cü illərdə yüksək artım tempi fenomeni yalnız Ermənistan hökumətinin müstəsna fəaliyyətinin nəticəsi olsaydı, bu fenomen yalnız Ermənistanda nəzərə çarpardı. Amma biz görürük ki, digər ölkələr də Rusiya-Ukrayna münaqişəsindən faydalanırırlar. Məsələn, qonşu Gürcüstanda da ötən il ikirəqəmli iqtisadi artım qeydə alınıb”.
Vardan Aramyan qeyd edib ki, ölkəyə böyük pul axını baş verəndə, bu cağrışa ilk reaksiyanı iqtisadiyyatın, xidmət və ticarət sahələrinin qeyri-ixrac sektoru olur: “Bu zaman ictimai-iaşə sahələrinə və digər xidmətlərə tələbat artır, ticarət əhəmiyyətli dərəcədə intensivləşir. Amma bizim ixrac sektoru, sənaye və kənd təsərrüfatı bütün bu müddət ərzində kölgədə qalıb. Yanlış siyasətimiz nəticəsində iqtisadiyyatın ixrac sektoru boğulub. 2023-cü ilin yanvar-noyabr aylarında daxili ticarət dövriyyəsi 24,3 faiz, xidmətlər 11,1 faiz, sənaye isə cəmi 2,1 faiz artıb.
2022-ci ildən başlayaraq maliyyə resurslarının irimiqyaslı axını ona gətirib çıxarıb ki, qeyri-ixrac sektorunun gəlirliliyi ixrac sektorundan önə keçib. Problem də budur. Axı bu iki sektor əmək və kapital bazarında bir-biri ilə rəqabət aparır. İxrac edə bilməyən sektor ixrac edə bilən sektorun əmək və kapital resursları “oğurlayır”. Məsələn, bir sənaye orta ixtisas təhsili olan şəxsə 300 min dram ödəyə bilmirsə, həmin şəxs bu sənayeni tərk edərək restorana və ya başqa xidmət sahəsinə keçir və orada 400 min dram ala bilir və s.”
Sabiq maliyyə nazirinin sözlərinə görə, 2023-cü ildə Ermənistanda nəqliyyat və sığorta xərcləri artıb, dollar dram qarşısında dəyər itirib: “Real mənəzərə belədir: Əgər iqtisadiyyat ixrac potensialı olmayan sahələrin hesabına, xüsusilə də xarici təsirlər altında böyüyürsə, o zaman bu prosesi davamlı artım hesab etmək olmaz. Çünki endogen amillər sıradan çıxdıqda və ya azaldıqda qeyri-ixrac sektoru dərin tənəzzülə girir və bu, iqtisadi böhrana gətirib çıxarır.
Hökumət qeyri-ixrac sektorunda vergiləri artırmağa və bu pulları müxtəlif alətlərdən istifadə edərək ixrac sektoruna yönəltməyə çalışmalıdır”.
Vardan Aramyan mövcud vəziyyətin ölkəsi üçün kifayət qədər təhlükəli olduğunu da vurğulayıb: “İqtisadi fəallığa kənardan təsir edən amillər sıradan çıxarsa, konkret halda Rusiya-Ukrayna münaqişəsi həllini taparsa və bunun müqabilində Rusiyaya qarşı sanksiyalar dərinləşdirilməzsə, hətta müqəyyən qədər zəiflədilərsə, o zaman artım, ən yaxşı halda dayanacaq. Artıq müşahidə edirik ki, 2023-cü ilin ortalarından etibarən pul köçürmələri yavaş-yavaş azalır. Eyni mənzərə Rusiyadan Ermənistana gələnlərin sayının artım tempində də müşahidə olunur. Nə vaxtsa Ermənistana köçən ruslar buranı tərk etmək qərarına gəlsələr xidmət və ticarət sektoru xeyli zərər görəcək. Bütün bunlar iqtisadi artıma pis təsir göstərəcək, çünki bu hadisələr müvəqqəti xarakter daşıyır və gələcəkdə davamlı artım üçün zəmin yaratmayıb. Təsəvvür edin, əgər idmançı hər il 20 kq və daha ağır olan ştanqı qaldırırsa və bunu öz əzələləri hesabına edirsə, onun sonrakı illərdə bunu bacara biləcəyi ehtimalı yüksəkdir. Ancaq əgər qonşuları və dostları ona ştanqı qaldırmağa kömək edərlərsə, gələn il bunu etməsələr, yaxud etmək istəməsələr, ştanq idmançının boynunda qalacaq... İdmançının öz əzələləri iqtisadiyyatımızın məhsuldar ixrac hissəsi, qonşu dostlar isə iqtisadiyyatın ixracdan kənar hissəsinin böyüməsinə səbəb olan kənar faktorlardır”.