• 24 Sentyabr 2026
logo
Sənaye zonalarında biznes imkanları

Sənaye zonalarında biznes imkanları

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin inkişafı məqsədilə sənaye parklarının yaradılması nəzərdə tutulur.
Ötən il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 135 milyon manatdan çox investisiya yatırılıb, 700-dən çox daimi iş yeri yaradılıb. 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sözügedən rezidentlər tərəfindən sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsulların, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalı həyata keçiriləcək.
Eyni zamanda, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında fəaliyyətə başlayan 12 müəssisə tərəfindən sənaye zonalarına 135 milyon manat investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Sözügedən müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsulların, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar.
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 456,7 milyon manat vəsaitə qənaət ediblər.

2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel istehsalı müəssisəsi (STP Global Cable) Azərbaycanda ilk dəfə olaraq sualtı hövzələrdə istifadə edilən kabel istehsal edir. Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən müəssisədə məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Müəssisə ölkəmizdə 110 kV-luq və fiber optik kabellərin yeganə istehsalçısıdır. Hazırda müəssisədə mis və alüminium elektrotexniki çubuqlarının, 6 kV-dan 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc kabellərinin, eləcə də aşağı gərginlikli kabellərin, hava xətləri üçün naqillərin, həmçinin telefon və LAN kabellərinin istehsalı üzrə 70 istehsal xətti fəaliyyət göstərir. Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də geniş istifadə edilir.
Bunlarla yanaşı Qarabağda da sənaye parkalrı yaradılır və əsas məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar 2023-cü il yanvarın 1-dən vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.
Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 4,7 milyon manat investisiya yatırılacaq. “Eos Qrup” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 18-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının 7,6 hektar ərazisində investisiya həcmi 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradılacaq və 49 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsul daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, parkın fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınır.
Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili nəzərdə tutulur. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Bura 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Əslində Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılması üçün yaxşı imkandır. ASP sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” layihəsi həyata keçirilir. Əsas məqsəd Qarabağda fəaliyyət göstərəcək, bizneslə məşğul olacaq sahibkarlara maliyyə dəstəyi göstərməkdir.

Mahir Həmzəoğlu