Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.
Əslində Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatların nəticəsidir ki, sahibkarların sayı artır, iqtisadiyyatda özəl sektorun rolu və payı yüksəlir. Belə ki, əgər 1995-ci ildə ölkədə ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin payı 30,3 faiz təşkil edirdisə, sonrakı illərdə artaraq 2000-ci ildə 70,8%-ə, 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə, 2019-cu ildə 85%-ə yüksəlmiş, 2021-ci ildə 83,5% təşkil etmişdir. 2020-ci ildə ildə əvvəlki ilə nisbətən 4,2% azalma baş versə də, 2021-ci ildə yenidən artım qeydə alınmışdır.
2020-ci ildə azalmanın əsas səbəbi isə COVİD-19 pandemiyasının iqtisadiyyata, xüsusən də xəstəliklə əlaqədar olaraq həyata keçirilən məcburi qapanmalar nəticəsində özəl sektorun fəaliyyətinə mənfi təsiri ilə bağlıdır. Bu özünü daha çox sənaye, nəqliyyat, rabitə, sosial və digər xidmətlər sahəsində göstərib. 1995-2021-ci illərdə iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisinin artımı müşahidə edilmişdir. Belə ki, ÜDM-də özıl sektorun payı 1995-ci ildə sənayedə 5,5%-dən 2021-ci ildə 88,8%-ə, tikintidə 79%-dən 87,5%-ə, kənd təsərrüfatında 61,5%-dən 99,9%-ə, ticarət və xidmətlər sahəsində 82,4%-dən 99,7%-ə, nəqliyyatda 4,6%-dən 84,8%-ə, rabitədə 10%-dən 81,5%-ə, sosial və s. xidmətlər üzrə 24,1%-dən 52,5%-ə yüksəlmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ÜDM-də özəl sektorun payı 2025-ci ilədək 88%-ə çatacaq.
Bunlarla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu il “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin icrasına başlanılacaq. Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb. Beləliklə, muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə, 2,2 milyon manat güzəştli kreditdən yararlanıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılmış güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kreditin məbləği üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi 2023-cü ildə də davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək 52 milyon manat ödənilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyaların verilməsi davam etdirilib. Proqram çərçivəsində 31 dekabr 2023-cü il tarixinə kredit qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciətə 73,3 milyon manat faiz subsidiyası ödənilib. Ötən il ərzində Fondun təşəbbüsü ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması, regionlarda sahibkarların maarifləndirilməsi, qadın və gənc sahibkarların dəstəklənməsi məqsədilə tədbirlər həyata keçirilib.
Sahibkarlığın İnkişafı Fondunun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Xarici iş adamları da Qarabağda biznes qurmaqda maraqlıdırlar. Bu sahədə qardaş Türkiyədən olan iş adamları daha fəal görünürlər.
İqtisadiyyatın çox böyük həcmdə investisiyalara ehtiyacı var. Belə ki, rəsmi statistikaya görə, 2023-cü ildə əsas kapitala 20,3 milyard manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 12485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14559,6 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3,0 faiz, sair vəsaitlər isə 6,0 faiz təşkil edib.
Ölkə iqtisadiyyatında kreditləşdirmə sahəsində maraqlı, həm də ziddiyətli bir vəziyyət yaranıb. Belə ki, bankların kreditləşdirmə üçün vəsaitlərinin olduğunu, lakin kreditləri yerləşdirə bilmədiklərini, yəni sahibkarlara kredit verə bilmədiklərini deyirlər. Sahibkarlar isə kreditlərə çox böyük ehtiyaclarının olduğu halda, banklardan kredit ala bilmədiklərindən şikayətlənirlər. Yəni kredit təklif edən də var, almaq istəyən də. Amma bizneslə banklar arasında əksər hallarda sövdələşmə alınmır. Niyə? Çünki bank kreditlərinin faizləri yüksəkdir və şərtlər sahibkar üçün çox ağağıdır, hətta əlverişsizdir. İllik 18-14%-lə kredit götürüb biznesdə, xüsusən də istehsal sahələrində gəlir götürmək, kreditləri qaytarmaq, mənfəət əldə etmək mümkün deyil. Ən yaxşı halda gərək kredir faizləri illik 10%-i keçməsin. Bir sözlə, Azərbaycanda bahalı bank kreditləri biznes üçün əsas problemlərdən biri olaraq qalır. Nə yaxşı ki, dövlətin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə təqdim etdiyi aşağı faizli, güzəştli kreditləşdirmə müxanizmi var. Heç olmasa biznes bu imkandan yararlana bilir. Fondun da kapitalı nəzəri baxımdan azdır, heç də bütün arzu edən sahibkarlara vəsait çatmır, yüzlərlə biznes layihəsi güzəştli kreditin yolunu gözləyir. Ona görə də, dövlət büdcəsindən fonda əlavə 200-300 miyon manatın da ayrılması vacibdır.
Mahir Həmzəoğlu