• 24 Sentyabr 2026
logo
Rəqabət Məcəlləsi: qanunun təsdiqlənməsi iqtisadiyyata necə təsir edəcək?

Rəqabət Məcəlləsi: qanunun təsdiqlənməsi iqtisadiyyata necə təsir edəcək?

Azərbaycanda bazar subyektləri arasında rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda öz əksini tapıb.
Sənədə əsasən, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması dedikdə aşağıdakılar nəzərdə tutulur:
- ardıcıl 12 ay ərzində istənilən dövr aralığında müvafiq bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin sayının 10 % və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;
- ardıcıl 12 ay ərzində istənilən dövr aralığında hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin birgə bazar payının 50 % və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;
- digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasının qarşısının alınması;
- müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 %-nin 6 aydan çox olan müddətdə dəyişməz qalmasına gətirib çıxaran hərəkətlərə yol verilməsi.
Ekspertlər qanunun qüvvəyə minməsinin əhəmiyyətini şərh ediblər.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanununu təsdiqləməsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək: “Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir.
Yeni Məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq.
Bütövlükdə , Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu yeni dövrdə islahatların daha dərinləşəcəyindən xəbər verir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib ki, Prezident İlham Əliyev Rəqabət Məcəlləsi Qanununu təsdiqləyib, bu, olduqca ciddi qanundur: “Məcəllənin qəbul edilməsi üçün böyük səylər göstərilib. Milli Məclisdə qanun layihəsi müzakirə edilən zaman müəyyən təkliflər səsləndirildi. İqtisadiyyat Nazirliyi və Dövlət Antiinhisar Xidməti ilə bu barədə geniş müzakirələr aparıldı. İlkin mərhələ üçün Rəqabət Məcəlləsi haqqında qanunun qəbulu məqbul hesab edilir. Qanunun altı ay və bir illik zaman kəsiyində iqtisadiyyata necə təsir göstrdiyi təhlil olunacaq. Monopoliya və inhisarçılığa qarşı bu qanunun rolunun olacağı gözləntiləri var” - deyə o, qeyd edib”.
Millət vəkili hesab edir ki, Məcəllənin işlək qanuna çevrilməsi təmin olunmalıdır: “Bu qanun işləməlidir. Antiinhisar Komitəsində müvafiq komissiyanın yaradılması nəzərdə tutulur. Həmin komissiya məhz bu işlə məşğul olacaq. Qanun işlədikdən sonra dinləmələrin keçirilməsi təklifi irəli sürüləcək. Yəni, qanunun icrasından sonra daxili bazarda hansı dəyişikliklərin baş verdiyi, inhisarçılıq hallarına qarşı görülən işlər təhlil olunacaq. Sözsüz ki, qanun problemin tam aradan qalxmasına kömək edə bilməz. Problemlər zamanla həllini tapacaq məsələdir”.
Vahid Əhmədova görə, gözləntilərin doğrulması qanunun icrasından asılıdır: “Ona görə də, qanunun icra müddətini gözləmək lazımdır. Ümumilikdə müsbət addımdır. Rəqabət məsələsi başlıca prinsip kimi önə çəkilir. Çünki rəqabət olmayan yerdə azad, lideral ticarətdən danışmaq çox çətindir”.
iqtisadçı-ekspert Eldəniz Əmirov isə vurulayıb ki, Rəqabət Məcəlləsinin təsdiqlənməsi iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan ən uğurlu addımlardan biridir: “2006-cı ildən bəri birinci oxunuşdan sonra dayandırılan Rəqabət Məcəlləsi nəhayət ki, 18 ildən sonra təsdiqlənərək hüquqi sənəd statusu aldı. Rəqabət Məcəlləsi ölkədə rəqabət mühitinin formalaşmasına mütləq şəkildə töhfəsini verəcək”.
Ekspert əlavə edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərə nəzər salınsa, iqtisadi istiqamət üçün nəzərdə tutulan qanunvericilik sənədlərinin daha çox dəyişikliklərə məruz qaldığını görə bilərik: “Belə dəyişikliklərin edilməsində də məqsəd çevikliyi təmin etmək və iqtisadi inkişafa daha real töhfə verməkdir. Bu baxımdan düşünürəm ki, qarşıdakı illərdə də Rəqabət Məcəlləsinə müəyyən dəyişikliklər həyata keçiriləcək. Çünki mexanizm işə düşdükdən sonra onun çatışmayan tərəfləri avtomatik qaydada özünü biruzə verəcək”.
E. Əmirov deyib ki, bu məcəllə özündə bir sıra qanunvericilik aktlarını cəmləyir: “Buna görə də qarşıdakı illərdə qanunvericiliyə dəyişikliyin olmasının qaçılmaz olduğunu da görəcəyik. Çünki burada “Haqsız Rəqabət”, “Təbii İnhisar haqqında, eyni zamanda da “Antiinhisar fəaliyyəti haqqında” qanunlar vahid sənəddə birləşir. Burada elə maddələr var ki, onu biz məcəllənin əsası adlandıra bilərik. Rəqabət Məcəlləsinin beş, on, on bir, on beşinci maddələri məcəllənin ürəyi hesab oluna bilər. Yəni bu maddələrin daha təkmil olması ölkədə rəqabət mühitinin daha yaxşı formalaşmasına ciddi töhfə verə bilər”.
Ekspert vurğulayıb ki, bu məcəllənin qəbul edilməsi iqtisadi qanunvericilik üçün ən böyük uğurdur: “Ölkə başçısınını fərmanı ilə Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi altı ay müddətinə hazırlanıb ölkə başçısına təqdim olunmalıdır. Ümid edirəm ki, altı ay müddətində təkmil qanun layihəsi hazırlanaraq təqdim olunacaq”.

Əli