Azad Qarabağda yeni iqtisadiyyat qurulur. Əhalinin məskunlaşması ilə yanaşı əsas hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Çünki daimi məskunlaşma üçün insanların işlə təmin olunması ən vacib sosial-iqtisadi əhəmiyyətə olan şərtlərdən biridir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulur.
Ağdam şəhərində 1-ci fazada məcburi köçkünlər üçün dövlət tərəfindən çox böyük yaşayış məhəllələri salınacaqdır. Bu yaşayış məhəlləsi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin "İmarət" adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır. Burada tikiləcək 1139 mənzildə 3068 nəfər məskunlaşdırılacaq. Ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin isə ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infnrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.
3-cü yaşayış məhəlləsi isə daha geniş ərazidə olacaq. Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239 mənzil olacaq. Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internetlə təmin ediləcək. Məhəllədə həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq. Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış məhəllələri də olacaq. Birinci layihənin 2025-ci ildə, ikinci lanyihənin isə 2026-cı ildə tamamlanması planlaşdırılır. 4-cü məhəllədə tikiləcək yaşayış binalarında 1220 mənzil, 5-ci məhəllədə tikiləcək yaşayış binalarında 1277 mənzil olacaq. Ümumiyyətlə, Ağdam şəhərinin ərazisinin 23 faizi yaşıllıq zonaları (meşə və parklar) kimi nəzərdə tutulub. Onun müxtəlif istiqamətlərdə 6 gıriş-çıxış yolları olacaq. Əsas üstünlük isə daha çox piyada yollarına veriləcək. Yəni şəhərdə piyada və velosiped yollarından geniş istifadə olunacaq. Ağdam şəhəri ərazicə geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın bu ilin sonunda başlanacağı nəzərdə tutulur. İlk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır.
Bu isə o deməkdir ki, Ağdamda həm də minlərlə iş yerləri açılmalıdır. Artıq bu istiqamətdə də işlər görülür. Ağdam sənaye parkı yaradılıb, burada sahibkarlar üçün şərait var. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.
Ağdam Sənaye Parkında 21 sahibkarlıq subyektinə rezident, 6 sahibkara isə qeyri-rezident statusu verilib. Müsbət haldır ki, burada fəaliyyət göstərmək arzusunda olan şirkətlərin sayı artır. Ağdam Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi də yaradılacaq. Bbelə ki, bu yaxınlarda "Ağdağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonanın İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, bu il Ağdam Sənaye Parkında beşdən artıq müəssisə (divar kağızları, bir neçə növ ayaqqabı, dam örtükləri, boru və qutu profilləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları istehsalı müəssisələri və s.) işə başlayacaq. Rezidentlər tərəfindən sənaye parkına 190 milyon manatdan çox investisiya qoyuluşu və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək. İndiyədək sənaye parkının rezidentləri tərəfindən 15,3 milyon manatdan çox investisiya qoyulub, 120-yə yaxın daimi iş yeri yaradılıb.
Ağdam Sənaye Parkının rezidenti “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ilin may ayından PVC dam örtüklərinin istehsalı zavodunun qurulması üçün tikinti işlərinə başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “NN-Tel Group” MMC-nin direktoru Nərgiz Bədəlova bildirib. Onun sözlərinə görə, tikinti işlərinin təxminən 2-3 ay davam edəcəyi gözlənilir. Artıq layihənin birinci mərhələsi üzrə işlər görülüb. Zavodun fəaliyyəti üçün tələb olunan avadanlıqlar və xammalın alınması məqsədilə bir sıra xarici şirkətlərlə müqavilələr bağlanılıb. Zavod üçün avadanlıqlar Rusiya və Çindən alınacaq. Məhsul istehsalında yerli xammalla yanaşı, Türkiyə, Rusiya və Çindən idxal ediləcək xammaldan da istifadə ediləcək. Layihənin investisiya dəyəri 1,3 milyon manatdır. PVC dam örtüklərinin istehsalını həyata keçirəcək “NN-Tel Group”un aylıq istehsal həcmi 14000 kvadratmetr olacaq.
Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam işğaldan qabaq da Qarabağın sənaye mərkəzi olub. Bu ənənə davam etdiriləcək və rayonda yeni sənaye müəssisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir. Habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar 2023-cü il yanvarın 1-dən vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.
Mahir Həmzəoğlu