• 21 Noyabr 2024
logo
"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev

"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb.

- Qüdrət bəy, İranda 39 deputat ölkənin Ali Milli Təhlükəsizlik Şurasına müraciət edib ki, nüvə silahının hazırlanmasına icazə verilsin. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Nüvə silahı böyük çəkindirici gücə malikdir. Ukrayna 1994-cü ildə ABŞ-ın təzyiqi ilə nüvə silahından imtina etməsəydi Rusiya Ukrayna ilə müharibəyə başlayardımı, əminliklə deyirəm ki, yox. Mən həmişə o fikirdə olmuşam ki, elmi-texnoloji imkanları olan böyük dövlətlərin, o cümlədən İranın nüvə silahı yaratması normal qarşılanmalıdır. Çünki nüvə silahına sahib dövlətlər digər dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təminat vermirlər. Onda necə ola bilər ki, bir ölkə bu silaha sahib ola blər, digəri yox? Ya hamı nüvə silahından imtina etməlidir, ya da hamıya bu hüquq tanınmalıdır. O başqa məsələ ki, kim bu silaha sahib ola biləcək? İrana belə bir imkan veriləcəkmi? Böyük və inkişaf etmiş xalqlar ali bəşəri dəyərlərə daha da sadiq olmaq əvəzinə daha da qəddarlaşır, kiçik xalqlara öz iradələrini qəbul etdirmək istəyirlər. Başqalarını istismar etmək naminə, hətta inkişaf etmiş ölkələrin vətəndaşları belə öz hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına da razılaşırlar. Ona görə həmişə qardaş Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam.

- Necə düşünürsünüz, ABŞ-da prezident seçkilərindən sonra Rusiya-Ukrayna savaşı daha da şiddətlənəcək, yoxsa sülh üçün imkanlar yaranacaq?

- Mən optimist olmaq istəyirəm. Ümid edirəm, bu il olmasa da, gələn il sülhə nail olmaq mümkün olcaq. Çünki tərəflər anlayırlar ki, heç bir tərəf üçün tam və qəti qələbə olmayacaq. Ukrayna müəyyən ərazi güzəştlərinə getmək məcburiyyətində qalacaq. Daha pis senarilər də mümkündür. Amma dua edək ki, tezliklə müharibə bitsin, dağıntılara və qardaş qırğınına son qoyulsun.

- Emin Ağalarov "Sea Breeze"-də kazino açmaq arzusunu ifadə edib, hökumət buna izazə verəcəkmi?

- Çox istərdim ki, icazə verilsin. Zamanla bir neçə dəfə turizm bölgələrimizdə kazino açlmasına icazə verilməsi məsələsini parlamentdə qaldırmışam. Həyat sübut edir ki, qadağalarla, cərimələri artırmaqla, ağır cəza tətbiqi ilə pis vədişlərin və qanun pozuntularının qarşısını almaq olmur. Narkotik maddələrdən istifadəyə görə İranda ölüm cəzası nəzərdə tutulub, amma narkotikadan ən şox istifadə olunduğu ölkədir. Hətta başqa ölkələrə də narkotika ixrac olunur. Qadağalarla və cəzaları sərtləşdirməklə müvəqqəti olaraq mənfi tendensiyaları səngitmək olar. Orta əsrlərdə İngiltərədə kral oğurluq hallarını artdığını görüb oğruların əllərinin meydanda kəsilməsini əmr edir. Oğurluq hallarının sayı qısa bir müddətdə azalsa da, sonra oğrular meydana çox adam toplanmasından istifadə edib həmin an insanların cibinə girirlərmiş. Ölkəmizdə onsuz da ifşa edilməsi qeyri-mümkün olan evlərdə gizli qumar oyunları təşkil olunur, elə bu yaxınlarda DİN-n kibercinayətkarlıqla mübarizə idarəsi qanunsuz qumar oyunlarını təşkil edən böyük bir mütəşəkkil dəstəni ifşa etdi. İnsanlar qumar oynamaq üçün Gürcüstana, Kiprə, Las Veqasa, başqa ölkələrə gedirlər. Azərbaycanda turizmi inkişaf etdirmək üçün bunu leqallaşdırmaq lazımdır.

- Bu gün Azərbaycanda lotereya və mərc oyunlarına icazə verilib, onlar da qumarın bir formasıdır.

- Biz cinayəti doğuran səbəb və şəraiti aradan qaldırmalı, cəmiyyətin mədəni səviyyəsini yüksəltməliyik. Qərbdə bəzi ölkələr anlayır ki, qadağalarla qarşıya qoyulan məqsədlərə çatmaq mümükün deyil, ona görə məsələn, gənclər ağır narkotikadan istifadə etməsin deyə marixuanadan istifadə leqallaşdırılır. Qadağalar bəzən həmin sahəyə marağı daha da artırır. Sovetlər Birliyi zamanı alkoqolizmə qarşı mübarizə elan olunanda alkoqollu içikilərə tələbat daha da artmışdı. Məhz bu səbəbdən qadağalar qoymaq, cəzaları, cərimələri sərtləşdirmək əvəzinə mədəni səviyyənin yüksəldilməsi istiqamətində ciddi addımlar atılmalı, qanunun aliliyi, hüquq pozuntusuna görə məsuliyyətin labüdlüyü təmin edilməlidir. Cərimənin, cəzanın ağırlığı yox, onun labüdlüyü böyük çəkindirici gücə malikdir.

Azərbaycanda qanunçuluğun vəziyyətini müzakirə etmək, dövlətin hüquq siyasətinin əsaslarına yenidən baxmaq üçün elm adamlarının və qanunun tətbiqi ilə məşğul olan şəxslərin, hüquq ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə silsilə elmi-praktik konfranslar, Milli Məclisdə, Prezident Administrasiyasında, hüquq mühafizə orqanlarında çoxsaylı dinləmələr, müzakirələr keçirilməlidir.