• 6 Dekabr 2025
logo
YAP bu dəfə MSK-nı ona həvalə edə bilər

YAP bu dəfə MSK-nı ona həvalə edə bilər

Siyasi kuluarlarda yeni sədrin Rövzət Qasımov olacağı iddia edilir, amma digər namizədlər də var

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin ilin sonunadək buraxılacağı gözlənilirdi. Yada salaq ki, MSK-nın hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. MSK-nın tərkibinin yenidən formalaşması 2026-cı ilin aprel ayına təsadüf edir.

Qanunvericiliyə əsasən də MSK-nın tərkibi Yeni Azərbaycan Partiyasının, parlamentdə azlıqda təmsil olunan siyasi partiyaların və bitərəflərin təqdim etdiyi siyahı əsasında formalaşır. Hər zaman da MSK sədri Yeni Azərbaycan Partiyasının təqdim etdiyi siyahının tərkibindən seçilir. Yəni bu, birbaşa YAP-ın iradəsindən asılıdır. MSK-nın 18 yerlik tərkibin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olmaqla bölüşdürülür. Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. MSK-da 6 yer onlara, 6 yer isə müstəqillərə məxsusdur. Qalan 6 yeri isə 10 partiya öz aralarında razılaşdırmaqla müəyyənləşdirməlidir.

Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq. Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 25 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 5 prezident (2003, 2008, 2013, 2018, 2024), 6 parlament (2000, 2005, 2010, 2015, 2020, 2024) və 5 bələdiyyə (2004, 2009, 2014, 2019, 2024) seçkisi keçirib. M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

M.Pənahov son dövrlərdə mediada daha çox ailə problemləri ilə gündəmə gəlib. Siyasi kuluarlarda MSK-nın yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir.

Qeyd edək ki, hazırda Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının YAP-dan olan üzvləri Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımovadır.

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən üzvləri Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Aydın Muradovdur. Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK-da təmsilçiləri isə aşağıdakılardır:

Bəxşeyiş Əsgərov - Böyük Quruluş Partiyası, Etibar Quliyev - Ana Vətən Partiyası, Mikayıl Rəhimli - Ədalət, Hüquq və Demokratiya Partiyası, Almas Qəhrəmanlı - Vətəndaş Həmrəyliyi Partiyası, Tofiq Həsənov - Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə özünü buraxmış Vətəndaş Birliyi Partiyası.

MSK-nın yeni tərkibində bu siyahıdakıların yarıya yaxınının yer almayacağı gözlənilir.

Rəşad Bayramov:

Rəşad Bayramov

Azərbaycan parlamentində yeni təmsil olunan partiyalardan biri də AMİP-dir. Qurumun Ali Məclisinin sədri Rəşad Bayramov “Yeni Müsavat”a bunları deyib: “Əslində gözləntilər ondan ibarət idi ki, növbədənkənar parlament seçkilərinin nəticələri təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibində də müvafiq dəyişikliklər baş versin və komissiya yenidən formalaşsın. Çünki mövcud qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi parlamentin tərkibi əsasında formalaşır. Seçki Məcəlləsinin 24.3.-cü maddəsinin tələblərinə görə, Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan bitərəfləri və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir.

Son parlament seçkilərindən sonra isə, məlum olduğu kimi, Milli Məclisdə təmsil olunan siyasi partiyaların tərkibində dəyişikliklər baş verib. Vətəndaş Birliyi Partiyası özünü buraxıb, Vəhdət Partiyası isə parlamentdə təmsil olunmayıb. Əvəzində iki partiya, AMİP və BAP parlamentdə təmsilçilik hüququ qazanıblar. Ona görə də MSK-nın da tərkibinin Milli Məclisin yeni tərkibinə uyğun olaraq yenidən formalaşacağına dair gözləntilər var idi. Amma bu baş vermədi. Əsas olaraq isə Seçki Məcəlləsinin 23.1 -ci maddəsi götürüldü. Bu maddənin tələblərinə görə seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Son Mərkəzi Seçki Komissiyası 2021-ci ilin aprel ayında formalaşdığını nəzərə alsaq deyə bilərik ki, növbəti ilin aprelində MSK-nın yeni tərkibinin formalaşması da qaçılmaz olacaq.

O ki, qaldı kimin MSK-ya rəhbərlik edəcəyinə, bu məsələ tamamilə Yeni Azərbaycan Partiyasının qərarına bağlıdır. Belə ki, Seçki Məcəlləsinin 19.3-cü maddəsinin tələblərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri, müavini və iki katibi komissiyanın birinci iclasında açıq səsvermə yolu ilə seçilir. Sədr Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, yəni YAP-ı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər. Bu o deməkdir ki, MSK-nın sədri istənilən halda YAP üzvü olacaq və o şəxs də Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən şəxslərin içərisindən seçiləcək. YAP-ın kimləri yeni tərkibdə görmək istəyəcəyi məlum olmadığı üçün indidən sədrin kim olacağına dair də fikir bildirmək mümkün deyil. İndiki tərkibin özündə də MSK sədrliyi vəzifəsini daşıya biləcək şəxslər var. Bu, kifayət qədər təcrübəyə malik Rövzət Qasımov da, hər hansı başqa bir şəxs də, bu gün tərkibdə olmayan yeni bir sima da və ya yenidən tərkibə salınacağı halda elə Məzahir Pənahov da ola bilər. Bu məsələdə hər şey YAP-ın qərarına bağlıdır".

Niyameddin Orduxanli.jpeg (179 KB)

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyasının baş katibi Niyaməddin Orduxanlı Mərkəzi Seçki Komissiyasında Parlamentdə təmsil olunun azlıqda olan siyasi partiyaların ehtiyat üzvüdür. O, fikirlərini qısaca olaraq bölüşdü: “Mərkəzi Seçki Komissiyasının formalaşması 5 ildən bir həyata keçirilir. MSK-nın tərkibinin yenidən formalaşması 2026-cı ilin aprel ayına təsadüf edir. Qanunvericiliyə əsasən də MSK tərkibi Yeni Azərbaycan Partiyasının, Parlamentdə təmsilin olunan siyasi partiyaların və bitərəflərin təqdim etdiyi siyahı əsasında formalaşır. Hər üç tərəf siyahını Azərbaycan Respublikasının Parlamentinə təqdim edir. 18 nəfər heyətlə yanaşı 3 nəfər də, bir nəfər YAP-ın, 1 nəfər azlıqda olan siyasi partiyanın və 1 nəfər də müstəqil olanların ehtiyat üzvü seçilir. Ümumilikdə 21 nəfər MSK üzvü seçilir. Hər zaman da MSK sədri Yeni Azərbaycan Partiyasının təqdim etdiyi siyahının tərkibindən seçilir. Qeyd etdiyim kimi, bu, birbaşa YAP-ın iradəsindən aslıdır”.