• 12 İyul 2025
logo
Qarabağa qayıdış layihəsi uğurla icra edilir

Qarabağa qayıdış layihəsi uğurla icra edilir

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində tarixi Qələbə qazandı. Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Ordumuz Vətən torpaqlarını, kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi bir-birinin ardınca qısa zaman kəsiyində düşmən tapdağından azad etdi. Bu gün dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. İndi azadlığına qovuşan ata-baba yurdlarımızda azan səsi ucalır, şanlı üçrəngli bayrağımız dalğalanır. 44 günlük müharibədə hər bir rayonumuzun, şəhər və kəndimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Qarabağın qəlbi Şuşanın erməni tapdağından xilas edilməsi isə bu müqəddəs savaşın zirvəsi, ən böyük hadisəsi, Azərbaycanın mühüm strateji qələbəsi oldu.
2020-ci ilin Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ölkəmizin 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərini azad etdi. Bu ərazilərin bərpası və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir.
Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Ən önəmlisi isə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsidir ki, bu da sistemli şəkildə həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi; ikinci mərhələ infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradımasıdır. Üçüncü mərhələ sosial və və inzibati binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin 17 illik mübarizəsi, müdrikliyi, daxili və xarici siyasətdə yaratdığı yetərli təminatlar nəticəsində əldə edilmiş bu xoşbəxtlik ötən hər gün xalqımıza yeni töhfələrini bəxş edir, hər birimizə davamlı xoş əhval gətirir. Qarabağa Böyük Qayıdış yolunda atılan hər uğurlu addım yüz minlərlə soyda¬şımızın doğma ocağına dönəcəyi günü durmadan yaxınlaşdırır. Bü¬tün bunları görmək və duymaqdan əlavə, həm də bu prosesi yaxından izləmək imkanı ikiqat xoşbəxtlikdir: “Artıq qədim Qarabağ tarix boyu oldu¬ğu kimi, yenə də bizimdir və dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, əbədi bizim ola¬caq! “Əziz Şuşa, biz gəlmişik! Əziz Şuşa sən azadsan!”– deyən qalib Ali Baş Komandan İlham Əliyev bu müqəddəs məkanı Azərbaycanın mədəni paytaxtı elan etdi. Möhtərəm Prezidentin xoş məramı və bilavasitə iştirtakı ilə Şuşada, Cıdır düzünadə on illərin ən böyük arzusu gerçəkləşdi: 29 ildən sonra burada möhtəşəm “Xarıbülbül” festivalı ke¬çirildi. Bu, Qarabağ Zəfərinin şərəfinə qurulmuş beynəlmiləl bir müsiqi şənliyi idi. Bu o demək idi ki, Şuşaya həqiqi sahibləri əbədi qayıdıblar”.
QHT sədri onu da qeyd edib ki, Azərbaycan və onun liderinin sayəsində Qarabağ cənnətməkana çevriləcək. Artıq bir çpx dövlət əhəmiyyətli planlar həyata keçirilir. Bütün bunlar Qarabağ əhalisinin social rifahının yaxşılaşması üçün edilib: “Bizim ora qayıdığımız üçün hakimiyyət bütün resurslarını səfərbər edib. Düzdür, bu gün 30 il ərzində ermənilərin iş.ğalı altında qalan torpaqlarımızı əvvəlki həyatına qaytarmaq çətin olsa da, Azərbaycan hakimiyyəti bunu layiqincə həyata keçirəcək. Qarabağ əvvəlıki kimi öz həyatına qovuşacaq. Amma Ermənistan işğal etdiyi torpaqlarımızda şəhər və kəndlərimizi xarabazarlığa çevirdiyinə, sərvətlərimizi talan etdiyinə, bəşəri cinayətlərinə görə mütləq cavab verəcək. Ermənistanın döyüş meydanında məğlub edilərək qovulmasından sonra dünya Azərbaycanın qələbəsi ilə yanaşı, işğalçının vandallığına, barbarlığına da şahidlik etdi. Buna görə də işğalçı mütləq cəzalanmalıdır”.
F.Kərimov onu da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Bu fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir. Əgər müharibə günlərində xalqımızın birlik rəmzi olan “dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları Qarabağın dirçəldilməsi ətrafında yenidən birləşdirir.
Azərbaycan Liberal Demokrat Partiyası Rəyasət Heyətinin katibi Nizami Verdiyevisə bildirib ki, sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra şanlı ordumuzun əks-hücum əməliyyatları və ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq rəşadətli Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyəcəyini dərk etdi və diz çökdü: “Qarabağa “Böyük qayıdış” layihəsinin prioriteti məcburi köçkünlərin əzəli torpaqlarında yaşayışını təmin etmək və Qarabağa öz yurddaşları ilə yeni həyat verməkdir. “Qarabağa böyük qayıdış” planının gerçəkləşməsi istiqamətində proseslər, görülən işlər getdikcə güclənməkdədir. Bu istiqamətdə atılan son addımlardan biri də Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Qarabağ işğaldan azad olunandan sonra çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü ifrastruktur layihələr həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun Zəfər yolu çəkildi. Artıq Şuşanın qısa bir zamanda dirçəldiyinin şahidiyik. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda “Ağıllı kənd” layihəsi həyata keçirilir. Yəni, qısa bir müddətdən sonar Qarabağ Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək. Ali Baş Komandan 30 ilin həsrətinə son qoydu. Bu gün hər birimiz Qarabağa getməyə, işləməyə, qurub, yaratmağa hazırıq.”
ALDP rəsmisi onu da bildirib ki, vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq. Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər. Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək.
Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək: “Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında soydaşlarımızı öz dədə-baba yurdlarına qaytara biləcəyik və torpaqlarımızda rahat yaşayacağıq”.

Cavid