“Hökumətin hesabatında sənədsiz evlər barədə problemi qaldırmışdıq. Əli Əsədova təşəkkür edirəm ki, bizə bununla bağlı görüləcək işlərlə bağlı sənəd göndərdi”.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu günlərdə tikinti şirkəti tərəfindən mülkiyyətçinin evinin qanunsuz sökülməsi baş verdi: “Bu qanunsuz addım idi. Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir. Bu gün sahibkarlar 70 insanla razılaşır, 2-si ilə razılaşa bilmir. Bu zaman vaxt uzanır, sahibkar tikintiyə başlaya bilmir. Bu zaman tikiləcək mənzillər artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca qəzalı binalar problemi qalmağa davam edəcək”.