Danimarkalı alimlər astronom Tiko Brahenin (1546-1601) Uraniborqdakı laboratoriyasında olan kimyəvi maddələri tədqiq ediblər.
Baymedia.az xarici mediaya istinadla xəbər verir ki, tədqiq edilən və 1980-1990-cı illərdə qazıntılar zamanı tapılan şüşə və keramika qırıntılarında nikel, mis, sink, qalay, qızıl və qurğuşun izləri aşkar edilib. Ehtimal olunur ki, danimarkalı alim bu maddələrdən dərmanlar hazırlamaq üçün istifadə edirmiş.
Tədqiqatın “Heritage Science” jurnalında dərc olunan nəticələrində yer alan ən böyük tapıntı isə metal volfram olub. Bu maddə yalnız 1783-cü ildə, danimarkalı alimin ölümündən onilliklər sonra Elyuar qardaşları tərəfindən kəşf edilib.
Cənubi Danimarka Universitetinin tədqiqatçısı Kaare Lund Rasmussen hesab edir ki, volfram Brahenin bu maddənin mövcudluğu haqqında məlumatı olmadan istifadə etdiyi hansısa mineralın tərkibində olub. Yaxud ki, alim bu barədə bilib, amma heç yerdə xatırlatmayıb.
Danimarkalı alim 1572-ci ildə ən yüksək ulduzun (SN) kəşfi ilə dünya şöhrəti qazanıb. O, planetlərin və kometaların dəqiq ölçülərini təqdim edib ki, bunun da sayəsində Yer kürəsinin Kainatın mərkəzində yerləşməsi haqqında nəzəriyyənin doğru olmadığı təsdiq edilib.
Brahe, həmçinin dərman otlarının qarışığını öyrənən kimyagər alim olub. O hesab edirdi ki, kimya və astronomiya elmləri sıx əlaqəlidir və onları paralel şəkildə öyrənmək lazımdır.