Avropa turu çərçivəsində əvvəlcə Londonda, daha sonra Parisdə olan Ukrayna prezidenti Vladimir Zelenski İtaliyaya səfər edib.
Burada o İtaliyanın baş naziri Giorgia Meloni və bir sıra dövlət rəsmiləri tərəfindən rəsmi mərasimlə qarşılanıb.
İki lider birgə bir sıra məsələləri müzakirə etdikdən sonra birgə mətbuat konfransı təşkil edilib. Meloni Rusiya-Ukrayna müharibəsində Kiyevə verdikləri dəstəyin perspektivi olduğunu və Ukraynanın ehtiyacı olduğu müddətcə bu dəstəyi verməyə hazır olduqlarını bildirib.
Ukraynanın müdafiə sənayesinin dəstəklənməsi lazım olduğunu vurğulayan Meloni bu dəstəyin məqsədinin Ukraynanı sülh masası quracaq vəziyyətə gətirmək olduğunu deyib.
“Bu, bir çox insanın qorxaqcasına irəli sürdüyü kimi təslim olmaq mənasını verməyəcək bir sülh masasıdır. Bura hərbi dəstək və enerji də daxil olacaq. Prezident buraya hamımızın ehtiyac duyduğu ədalətli sülhə aparan yolun qurulması üçün öz ideyalarını təqdim etmək üçün gəlib”, - deyə o bildirib.
Meloni 10-11 iyul 2025-ci il tarixlərində Romada Ukraynanın yenidən qurulması ilə bağlı konfransa ev sahibliyi edəcəklərini də açıqlayıb.
Öz növbəsində Zelenski də baş nazir Meloni ilə çox məhsuldar görüş keçirdiklərini bildirib.
“Ukraynada bu müharibəyə ədalətli son qoymaq üçün hazırladığımız “Qələbə Planı”mızın təfərrüatlarını ən yaxın dostlarımız olan Avropalılara təqdim edirik. Giorgianın plana, onun təfərrüatlarına və bütün strategiyaya marağına görə mən İtaliya hökumətinə minnətdaram.", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Zelenski cümə günü səhər Romaya bitişik Vatikana gedərək orada katoliklərin ruhani lideri olan Papa Fransisklə görüşəcək.