• 1 Noyabr 2024
logo
İsveçdə sənədsiz miqrantlara tibbi yardım göstəriləcək

İsveçdə sənədsiz miqrantlara tibbi yardım göstəriləcək

İsveçin Vestra Hötaland bölgəsində sənədsiz miqrantlara tibbi xidmət göstərmək üçün yeni təşəbbüs həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bölgə ilə iki xeyriyyə təşkilatı – “Rosengrenska Fondu” və Qırmızı Xaç arasında tərəfdaşlıq çərçivəsində ölkədə qeyri-qanuni olaraq qalan miqrantlara lazımi tibbi yardım göstəriləcək.

“Rosenqrenska Fondu”nun məlumatına görə, Höteborqda hər iki həftədən bir keçirilən qəbullara Yaxın Şərq və Balkan ölkələrindən olan miqrantlar müraciət edir. 2023-cü ildə xəstələrin əksəriyyəti İran, İraq, Əfqanıstan, Bosniya və Herseqovina, Serbiya və Albaniya vətəndaşları olub. Vestra Hötaland bölgəsi ilə yeni tərəfdaşlıq və 2,5 milyon kron (təxminən 250 min dollar) illik büdcə sayəsində sənədsiz miqrantlara yardım genişləndiriləcək.

Regional Miqrasiya üzrə koordinator Sofiya Nilsson vurğulayıb ki, sənədsiz miqrantlar təcili tibbi yardım hüququndan əlavə, təcili və ciddi fəsadlara səbəb ola biləcək xəstəliklərdən müalicə almaq hüququna malikdirlər. Lakin kifayət qədər hazırlıq və bir çox həkimlərin hüquqi aspektləri anlamaması səbəbindən miqrantlar çox vaxt köməyin göstərilməsi ilə bağlı problemlərlə üzləşirlər. Yeni layihə tibbi kadrların təlimi yolu ilə vəziyyəti düzəltməyə yönəlib.

“Elə hallar olur ki, miqrantlar həkim qəbuluna yazıla bilmirlər, çünki tibb işçilərinin İsveç şəxsi nömrəsi olmayan insanları necə qeydiyyata almaq barədə təlimatları yoxdur. Bəzən onları turist kimi qeydiyyata alırlar, sonra isə ödəniş düzgün hesablanmır ki, bu da baha başa gələ bilər”, - deyə Nilsson bildirib.