Bu ilin avqust ayında Avropada qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,15 dollar səviyyəsində olub, bu da iyul ayının göstəricisi (11,62 dollar) ilə müqayisədə 4% azalma deməkdir.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, cari ilin iyun ayında Avropada qazın orta qiyməti 12,37 dollar təşkil edib.
Cari ilin ikinci rübündə (aprel-iyun ayları) Avropada təbii qazın orta qiyməti 11,87 ABŞ dolları təşkil edib, bu da ötən ilin aprel-iyun aylarının göstəricisi ilə (10,03 dollar) müqayisədə 18,3% çoxdur. ilin birinci rübünün göstəricisi (14,41 dollar) ilə müqayisədə aprel-iyun aylarında qiymət 17,6% azalıb.
Məlumata görə, cari ilin avqust ayında ABŞ-da təbii qazın orta qiyməti 2,91 dollar olub, bu da iyul ayının göstəricisi (3,19 dollar) ilə müqayisədə 8,8% azdır. İyun ayında ABŞ-da təbii qazın orta qiyməti 3,02 dollar səviyyəsində olub.
Bildirilir ki, yanvar-aprel aylarında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 3,18 dollar təşkil edib, bu da ötən ilin ikinci rübünün göstəricisi ilə (2,08 dollar) müqayisədə 52,9% çoxdur. ilin birinci rübünün göstəricisi (4,15 dollar) ilə müqayisədə isə aprel-iyun aylarında qiymət 23,4% azalıb.
Qeyd olunur ki, 2024-cü ildə Avropa və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 10,96 dollar (16,4% azalma) və 2,19 dollar (13,8% azalma) təşkil edib.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.