• 13 Sentyabr 2024
logo
Azərbaycan qeyri-neft məhsullarının üçdə birini Rusiyaya satır

Azərbaycan qeyri-neft məhsullarının üçdə birini Rusiyaya satır

Azərbaycanın Rusiya ilə genişlənən iqtisadi əlaqələri hər iki tərəfin maraq dairəsindədir. Ənənəvi sahələrdə əməkdaşlıq və ticarət rəqabətqabiliyyətli və faydalıdır. Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsində artım var. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. 2022-ci illə müqayisədə ötən il qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb.
Rusiya ilə ticarət, nəqliyyat, sənaye, turizm, ətraf mühitin qorunması, kənd təsərrüfatı, gömrük və digər istiqamətlər üzrə tərəfdaşlığın inkişafı üçün böyük potensial var. Ölkələrimiz arasında imzalanmış 260-dan çox sənədin münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradıb. Sahibkarlar sənaye zonaları, Ələt azad iqtisadi zonası, işğaldan azad edilmiş ərazilərimizdə təklif olunan biznes imkanlarından yararlana bilərlər. Digər tərəfdən 2 milyona yaxın azərbaycanlı qonşu ölkədə işləyir, hər il Azərbaycana 2-3 milyard dollar vəsait göndərilir.
Rusiya ölkəmiz üçün kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarıdır. Bizim aqrar məhsullar bu bazarda həm keyfiyyət, həm də qiymət baxımından daha rəqabətqabiliyyətlidir. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının üçdə biri məhz Rusiyanın payına düşür. Belə ki, 2024-cü ilin 1-ci yarısında ölkəmizin qeyri neft-qaz məhsulları üzrə ixracında Rusiyaya - 33,9 faiz, Türkiyəyə (19,2 faiz), Gürcüstana (7,1 faiz), ABŞ-a (6,2 faiz), Omana (4,1 faiz), İsveçrəyə (3,9 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (3,0 faiz), Qazaxıstana (1,6 faiz), Almaniyaya (1,5 faiz), Qırğızıstana (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,3 faiz), Belarusa (1,3 faiz), İtaliyaya (1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
İdxalda isə Rusiya 2-ci yerdədir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Çin, 18,2 faizi Rusiya, 12,4 faizi Türkiyə, 6,7 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,2 faizi İran, 3,1 faizi ABŞ, 2,4 faizi İtaliya, 2,3 faizi Koreya, 2,1 faizi Türkmənistan, 2,0 faizi Belarus, hər biri 1,8 faiz olmaqla Yaponiya və Kanada, 1,6 faizi Ukrayna, 1,4 faizi Birləşmiş Krallıq, 1,3 faizi Fransa, 1,2 faizi Hindistan, 1,0 faizi Qazaxıstan, 0,9 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya, İspaniya və Polşa, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşür.
AR Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 168 ölkəsi ilə ticarət əməliyyatları aparıb, 109 ölkəyə məhsul ixrac edilib, 157 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22,2 milyard ABŞ dolları olub. Ticarət dövriyyəsinin 13,3 milyard dollarını və ya 60,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 8,867 milyard dollarını (40,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4,4 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 6,0 faiz, o cümlədən idxal 6,7 faiz, ixrac isə 5,7 faiz azalıb. 2024-cü ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,0 faiz, real ifadədə 19,1 faiz azalaraq 1596,1 milyon dollar təşkil edib.
Azərbaycanın xarici ticarət əlaqələrində Rusiya 3-cü yerdədir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin xarici ticarət dövriyyəsinin 22,6 faizi İtaliya, 14,3 faizi Türkiyə, 10 faizi Rusiya, 7,5 faizi Çin, 4,6 faizi İsrail, 3,2 faizi Almaniya, 3,1 faizi Hindistan, 2,7 faizi Avstraliya, 2,4 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Xorvatiya, ABŞ və Yunanıstan, 1,5 faizi Gürcüstan, 1,4 faizi Bolqarıstan, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və İran, 1,2 faizi Tailand, hər biri 1,1 faiz olmaqla Ukrayna, Rumıniya, Türkmənistan və Portuqaliya, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 11,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşür. İxracın 36,4 faizini İtaliyaya, 15,5 faizini Türkiyəyə, 7,7 faizini İsrailə, 4,4 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Yunanıstana, 2,5 faizini Almaniyaya, hər biri 2,1 faiz olmaqla Bolqarıstan və Gürcüstana, hər biri 1,8 faiz olmaqla Tailand və Rumıniyaya, 1,7 faizini Portuqaliyaya və s. ölkələrə göndərilmiş məhsullardır.
2024-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,7 faiz, tütün – 3,4 dəfə, meyvə və tərəvəz şirələri – 7,6 faiz, meyvə və tərəvəz konservləri – 14,7 faiz, bitki yağları – 4,3 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,4 dəfə, çay 3 faiz, pambıq lifi 2,1 dəfə, mineral gübrələr 2,4 dəfə artıb.
Bu arada “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin də əhəmiyyəti artmaqdadır. Əsası 2000-ci ildə keçirilən Sankt-Peterburq İqtisadi Forumunda Rusiya, Hindistan və İran tərəfindən qoyulan bu dəhliz Rusiya və Şimali Avropanı Cənub-Şərqi Asiya və Körfəz ölkələri ilə nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli layihədir. Azərbaycan Prezidentnin təşəbbüsü ilə ölkəmiz 2005-ci ildə bu layihəyə qoşularaq tranzit ölkə funksiyasını yerinə yetirmək istiqamətində mühüm addımlar atıb. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişindən tutmuş Ələt-Astara magistral avtomobil yolunun və Bakı Beynəlxalq Dəniz Limanının modernləşməsinə kimi həyata keçirilən işlər yüklərin Azərbaycan ərazisindən tranzit olaraq daşınması üçün əlverişli imkanlar yaradıb.
Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, Şimal-Cənub dəhlizi ilə cəmi 7200 kilometr yol gedəcəklər. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzilbaşına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz azalacaq. Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnmək, yeni dividendlər qazanmaq istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur.
Şimal-Cənub marşrutu Azərbaycan, İran və Rusiya ərazilərində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusilə çoxdur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Rusiyanın “Росконгрес» Fondunun analitiklərinin hesablamalarına əsasən, 2022-ci və 2023-cü illər ərzində dəhlizlə yükdaşımalar 18 faiz artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin 2030-cu ildə 30, 2035-ci ildə isə 35 milyona çatacağı gözlənilir. Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu istismara verildikdən sonra yükdaşımaların həcmi daha artaraq tranzit ölkələrin gəlirlərinin də çoxalmasına səbəb olacaq. Yüklərin Hindistanın Mumbay limanından İranın Çabahar limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulub. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq fəaliyyət göstərir. Rəşt–Astara hissəsində isə işlər davam edir. Rusiya dəmir yolunun Rəşt-Astara (İran)-Astara (Azərbaycan) hissəsinin tikintisi üçün İrana 13,5 milyard avro güzəştli kredit ayırıb.

Tərlan