• 23 Oktyabr 2024
logo
Qərbi azərbaycanlıların deportasiyası erməni diasporunun neonasist ideyasının tərkib hissəsi idi ŞƏRH

Qərbi azərbaycanlıların deportasiyası erməni diasporunun neonasist ideyasının tərkib hissəsi idi ŞƏRH

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından 1987-ci ildən başladılan sonuncu deportasiyası Ermənistanın, erməni diasporunun, erməni Qriqoryan kilsəsinin və ultramillətçi-terrorçu təşkilatların uzun illərdən bəri planlaşdırdıqları “türklərsiz böyük Ermənistan” xəstə, neonasist ideyasının tərkib hissəsi idi. Bu, özündə azərbaycanlıların bir millət olaraq məhv edilməsini nəzərdə tutan bəşəri cinayət ssenarisi SSRİ-nin, kollektiv Qərbin, əsasən də ABŞ-ın, Fransanın xüsusi xidmət orqanlarının birbaşa və dolayısıyla iştirakı ilə həyata keçilirdi. Hədəf öncə Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarındakı, daha sonra isə Qarabağ və ətraf rayonlarımızdakı soydaşlarımızı soyqırımına, etnik təmizləməyə məruz qoymaqdan, daha sonra isə mümkün qədər daha çox ərazini işğal etməkdən ibarət idi. Ermənilər təkcə Qərbi Azərbaycan torpaqlarını, bu yurd yerlərinin əsl sahiblərindən təmizləmək niyyəti güdmürdülər, onlar azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri məhv etməklə, toponimləri qondarma adlarla əvəz və təhrif etməklə bu torpaqların guya tarix boyu ermənilərə məxsus olduğunu sübuta yetirmək üçün əsas yaratmaq istəyirdilər. Yurd yerlərimizin 30 ilə yaxın davam edən işğalı, xalqımıza qarşı həyata keçirilən dəhşətli müharibə cinayətləri öz başlanğıcını Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından vəhşicəsinə qovulmasından başlayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat Ermənistanın indiki ərazilərinin əslən bu torpaqlardan olan yüz minlərlə azərbaycanlının tarixi, əzəli və ana südü kimi halal yurd yerləri olduğunu xatırladaraq bildirib: “Ədəbiyyatımızın, bütövlükdə mədəniyyətimizin ən gözəl nümunələrinin yarandığı, tariximizin şanlı səhifələrinin yazıldığı, dağında, daşında, torpağında milli varlığımızın izlərini yaşadan o torpaqlara qayıtmaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının amalına çevrilməlidir. Son 200 ildə xalqımızın taleyinə yalnız parçalanmalar, bölünmələr, məhrumiyyətlər düşüb. Hər qarışına milli identikliyimizin kodları yazılmış tarixi yurd yerlərimizdə belə özgə kimi yaşamaq məcburiyyətində qalmışıq, Vətəndən-Vətənə deportasiya olunmuşuq, sürgün edilmişik. Özümüzü də cənnət Vətənimiz kimi paramparça ediblər və xalqımızın bu acı taleyi yaşayan nümayəndələrinin arasında Qərbi Azərbaycandan olan soydaşlarımızın ön sırada dayandıqlarını desəm, düşünürəm ki, mübaliğəyə yol vermərəm. Əslən Qərbi Azərbaycandan olan elə bir nəsil yoxdur ki, bir, yaxud bir neçə nümayəndəsinin taleyinə doğma yurd yerindən dəfələrlə deportasiya olunmaq, qovulmaq, sürgün edilmək düşməsin. Köçürüləndə, deportasiya olunanda da ən ağır iqlim şəraiti olan ərazilərdə yerləşdiriliblər ki, məhv olsunlar, Yer üzündən silinsinlər. Bəzən tarixi yurd yerlərimizdən, oraların cənnət təbiətindən, suyundan, havasından yorulmadan danışan, hər kəndin, hər mahalın, hətta dağların, dərələrin adlarını belə əzbərə deyən Qərbi azərbaycanlı soydaşlarımızla qarşılaşanda, bəzən onları anlamağa çətinlik çəksək də, gözlərindəki işıqdan sevgilərini, üz cizgilərindən ağrılarını hiss edə bilirik. Dəli kimi sevdikləri cənnət yurd yerlərindən zorla köçürülən soydaşlarımız həmin yurd yerlərinin hər qarışını öz yaddaşlarına köçürərək yaşadıblar. Həm də zorla yox, sevgi ilə. O torpaqlarda isə hərəmizin bir parçası var. Bir ovuc mənimiz oralarda qalıb”.

Deputatın sözlərinə görə, 44 günlük müqəddəs Vətən savaşı milli ruhumuzu da, tarixi yurd yerlərimizlə bağlı yaddaşımızı, hətta xatirələrimizi də yenidən oyadıb və bütövləşdirib. Vacib bir mərhələni şərəflə, qürurla adlamağı bacarmışıq və indi önümüzdə haqqı tapdalanmış yüz minlərlə soydaşımızın hüquqlarının bərpası, babalarımızın ruhu qarşısında vəfa borcumuzun yerinə yetirilməsi dayanır.

“Torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu zaman kəsiyi bizə bir həqiqəti öyrətdi. Haqqımıza özümüz sahiblənməliyik və sahibləndik də! Eyni məntiq həqiqəti əks etdirdiyi üçün Qərbi Azərbaycandan olan soydaşlarımız və onların varisləri, tarixi yurd yerlərimizlə bağlı da keçərlidir. Əgər 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında izlərimizi silməyə çalışan ermənilərin vəhşiliyinə, tarixi, mədəni, dini abidələrimizə, ziyarətgahlarımıza, qəbiristanlıqlarımıza divan tutan ermənilərin misli görünməmiş vandalizm aktlarına göz yuman UNESCO-ların ümidinə qalarsa, o zaman ucsuz-bucaqsız tarixi Vətənimizin yaddaşımızda can verməkdə olan sərhədləri kimi son 100-110 ildə itirilən torpaqlarımız, eləcə də bu torpaqlara gömülən zəngin mədəni-mənəvi irsimiz haqqında yalnız kitablardan oxumalı olacağıq. Ya indi, ya da heç vaxt! Hədəfin, arzuların böyükdürsə və haqqa, ədalətə söykənirsə, o zaman o hədəfə doğru yürümək də haqdandır”, - deyə E.Mirzəbəyli vurğulayıb.