• 23 Oktyabr 2024
logo
Nizaminin əsərində bəhs etdiyi Güney Azərbaycan şəhəri - ARAŞDIRMA

Nizaminin əsərində bəhs etdiyi Güney Azərbaycan şəhəri - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Xalxal şəhəri - Azərbaycanın mədəniyyət ocağı” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Xalxal Ərdəbil əyalətinin mərkəzi sayılan Ərdəbil şəhərindən 111 km aralıda yerləşir. Xalxal şəhəri əslində Xalxal rayonunun (şəhristan) mərkəzi sayılmaqla bu rayonun Xanəndəbil, Həşcin, Xoruş Rüstəm və Kulur adlı daha kiçik şəhər və qəsəbələrini öz ətrafında birləşdirir. Qeyd etmək lazımdır ki, Xalxal rayonunun mərkəzi Səfəvilər dövründən Qacarlar dövrünün ortalarına qədər Ağkənd qəsəbəsi olub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Xalxal şəhərinin əhalisi 86 731 nəfər olub ki, bunun da 55 faizi şəhərlərdə, 45 faizi isə kənd yerlərində yaşayırdı. Xalxal rayonunun əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır. Ancaq şəhərin bəzi kəndlərində talış və ya kurmanc dillərində də danışılır.

Xalxal rayonu da dağlıq bölgədə yerləşir. Xalxalı Xəzərdən hündür dağlar ayırdığı üçün bölgə dənizin yağışlı buludlarından o qədər də pay ala bilmir. Lakin çox münbit torpağa malik olması, Arpaçayı və Qızıl Özən kimi çayların bu bölgədən keçməsi əkinçilik və heyvandarlığın çiçəklənməsinə səbəb olub.

Ağkənd bölgəsində Qızıl Özən çayının üzərində tikilmiş qədim körpü

Bölgə əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır. Bu bölgənin əsas məhsulları buğda, arpa və paxlalılar, düyü, qoz, alma, armud, üzümdür. Xalxal nisbətən bol otlaq sahələrinə malik olması baxımından heyvandarlıq üçün geniş şərait var və müxtəlif süd məhsulları qaymaq, qatıq, yağ, pendir və sair, həmçinin yun, dəri və bal əsas heyvandarlıq məhsulları sırasındadır. Şəhərin iqtisadi və mədəni baxımdan inkişaf və tərəqqi etməsi üçün yüksək potensiala malik olmasına baxmayaraq, mərkəzi hökumətin Güney Azərbaycanla bağlı siyasəti buranın da layiqincə tərəqqi edə bilməsinə mane olub.

Xalxalın tarixinə qısa nəzər

Azərbaycanın bir çox bölgələri kimi Xalxal rayonu da qədim zamanlardan, min illər bundan əvvəl insanlara yurd olub. Həmin insanlar min illər əvvəl ölsələr də, qoyub getdikləri izlər hələ də qalmaqdadır. Xalxal rayonunda 8 min il əvvələ aid olan yeraltı şəhərin tapılması bu iddianı sübut edir. Yerli xalqın “Yeddi Dam” adlandırdığı bu yeraltı şəhər, çox ehtimal Daş dövrünə və Paleolit ​​dövrünə aiddir. Dəhlizlər boyu içərisində yeddi ev olan bu yeraltı şəhərə girmək üçün əvvəlcə dar bir dəlikdən keçib getmək lazımdır.

“Yeddi Dam” adlandırılan yeraltı şəhərin girişi

Xalxalda aşkar edilmiş islamdan əvvəlki qədim əşyalar, məsələn, tarixdən əvvəlki dövrlərə aid gil qab və ya eramızdan əvvəl I minilliyə aid tunc bıçaq şəhərin o dövrlərdə mövcudluğundan və qədimliyindən xəbər verir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi “Şərəfnamə”sində Makedoniyalı İsgəndərin Rey və Xorasana yürüşünü təsvir etdiyi hissədə Xalxalın adını bir neçə dəfə çəkib. Onu da qeyd edək ki, Xalxal adı ilk İslam sənəd və kitablarında da keçir.

XIII əsr coğrafiyaşünas və tarixçisi Yaqut Həməvi Xalxalı belə təsvir edib: “Xalxal Azərbaycan şəhəridir, dağların ortasındadır və kəndlərinin, təsərrüfatlarının çoxu hündür dağlardadır. Qəzvinə yeddi gün, Ərdəbilə iki günlük yoldur. Bu əyalətdə möhkəm qalalar var və əhalisi hücuma məruz qaldıqda onlara sığınır”.

Əslində Xalxal bölgəsində qalalar mövcud olduğuna görə, həmişə şahların, fatehlərin diqqət mərkəzində olub. Məhz bu qalalara görə, Şah Abbas Səfəvi Ərdəbilə gedəndə ordusunun sursat və azuqəsini Xalxalda qoyub. Səfəvilərdən başlayaraq Qacarlar zamanına qədər 250 il bura qızılbaşlardan olan Sədlu tayfasından olan hökmdarlar yiyəlik edib. Qızılbaş Sədlu tayfasının hökmdarlıq mərkəzi Ağkənd (Kağəzkonan) qəsəbəsi olub. Sonralar Ağkənd Xalxal rayonundan alınaraq Miyana rayonuna verilsə də, öz tarixi əhəmiyyətini bu günədək qoruyub saxlayıb.

Qacarlar dövründən yadigar qalan qədim bir hamam

Azərbaycan türkcəsində gözəl və məzmunlu şeirlər yazan Azərbaycanın görkəmli şairi Molla Məhəmməd Baqir Xalxali 1828-ci ildə Ağkənd qəsəbəsinin Qara Balaq kəndində anadan olub. Onun “Sələbiyyə, yaxud Tülkünamə” əsəri indi də Güney Azərbaycanda maraqla oxunur. Bir tülkü ilə bir xoruzun xəyalı hekayəsini çox axıcı bir dildə anladan bu satirik poema düşündürücü məzmunlardan ibarətdir. Molla Məhəmməd Baqir şeirlərini farsca deyil, Azərbaycan türkcəsində yazdığı üçün İran hökuməti onu görməzdən gəlib, məktəblərdə tədris edilməyib, tədbirlərdə şeirləri səsləndirilməyib. Lakin son zamanlar Güney Azərbaycanda baş tutmuş milli oyanış nəticəsində bu şair də layiq olduğu yeri tapmaqdadır. Məsələn, hökumət dəstəyi olmadan onun məzarı başında abidə tikilib.

Məhəmməd Baqir Xalxalinin məzarı

Xalxal Təbriz və Astara ilə eyni vaxtda Güney Azərbaycanda ana dilində müasir məktəblərin yaradıldığı ilk şəhərlərdəndir. Təbrizdə Mirzə Həsən Rüşdiyyə bu məktəbləri İstanbuldan örnək alaraq tikmişdi, Xalxalda isə Mirzə Nasir Dəftər adlı bir ziyalı Zeynalabdin Tağıyevin Bakıda açdığı yeni məktəblərdən ilham alaraq 1906-cı ildə müasir tərzdə bir məktəb açır. Məktəbdə uşaqlara ana dillərində, yəni Azərbaycan türkcəsində dərs verilirdi. Lakin sonralar bu məktəb bir müddət bağlı qaldı, yenidən fəaliyyətə başladıqda isə İranda artıq Azərbaycan türkcəsində dərs vermək yasaqlanmışdı. Yalnız özü də xalxallı olan seyid Cəfər Pişəvərinin 1945-1946-ci illərdə qurduğu bir illik Azərbaycan Milli Hökuməti dönəmində bu məktəbə gələn uşaqlar bir daha da öz ana dillərində dərs almağın dadını anladılar.

Dediyimiz kimi, Xalxal rayonu, eyni zamanda, Azərbaycanın çağdaş tarixinin iki ən görkəmli və məşhur siyasi xadimlərindən sayılan Seyid Cəfər Pişəvəri və Doktor Səlamullah Cavidin doğulduğu yerdir. Seyid Cəfər Pişəvəri 1945-ci ildə Azərbaycan Milli Hökumətini qurmaqla Güney Azərbaycan türklərinin tarixi istəklərini həyata keçirmişdi. Doktor Səlamullah Cavid də eyni hökumətin ən başda gələn adlarından biri idi. Güney Azərbaycan türklərinin çağdaş tarixinin bənzərsiz siması və dahi lideri Seyid Cəfər Pişəvəri 1892-ci ildə bu rayonun Zeyvə adlı bir kəndində dünyaya göz açıb.

Seyid Cəfər Pişəvəri “Azərbaycan” qəzetini oxuyur

1946-cı ildə İranda Pəhləvi rejimi Azərbaycan Milli Hökumətini məğlub etdiyi amansız və ağır cinayətlər törətdi. Belə cinayətlərdən biri də Xalxal bölgəsində törədilmişdi. Sanki Şah rejimi Seyid Cəfər Pişəvərinin o bölgədə anadan doğulduğunun intiqamını orada yaşayan dinc əhalidən alırdı.

Azərbaycan Milli Hökumətindən sonra ağır bir səssizlik hökm sürsə də, bu, həmişəlik olmadı. Azərbaycanın dilini, tarixini, mədəniyyətini və bir sözlə desək, Azərbaycan varlığını qorumaq istəyən və bu yolda böyük çaba sərf edən yeni nəsilləri dirçəlməyi bacardılar. Son onilliklərdə Güney Azərbaycan türkləri arasında milli özünüdərkin genişlənməsi ilə Azərbaycan kimliyinin, dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanması və yaşadılması istiqamətində səylər daha da güclənib. Bununla yanaşı, Azərbaycana qarşı yürüdülən ayrı-seçkilik, ədalətsizlik və iqtisadi təzyiqlərə qarşı etiraz səsləri də yüksəlməkdədir. Xalxal rayonunun Azərbaycansevər və vətənpərvər igidləri Azərbaycan Milli Hərəkatının bir parçası olaraq Azərbaycanın xoşbəxt gələcəyi uğrunda çaba göstərməktədirlər. Bu gün Güney Azərbaycan xalqı, xüsusilə də Güney Azərbaycan gəncləri Azərbaycanı və Azərbaycan varlıqlarını qorumaqda qərarlı görünür. Bu vəziyyəti Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi, Xalxal rayonunda da görmək mümkündür. Burada bir növ özünə qayıdış prosesi başlayıb. Azərbaycan dəbləri, ənənələri, mədəniyyəti bir daha canlanmaqdadır.

Güney Azərbaycanın başqa şəhərləri haqqında yazdığımız kimi, Azərbaycan rəqsi və musiqisi, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı şənlikləri, Novruz bayramının dəbləri, sayaçılar, kosa, təkəmçilər, çillə gecəsinin dəbləri, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək olar azərbaycanlılıq və türklük yaşayır. Bu dəbləri yeməklərin, çörəklərin adlarında və onların hazırlanma üsullarında da görmək olar. Bilirik ki, hər bir xalqın özünəməxsus mətbəxi var. Azərbaycan yeməklərinin adlarını və onların hazırlanma üsullarını Azərbaycanın bütün kənd-şəhərlərində görmək mümkündür. Azərbaycanlı və türk olmaq məfkurəsi bir gecədə yox, yüz illər boyu formalaşıb və Güney Azərbaycan türklərinin şüur altında kök salıb. Bunun izlərini yalnızca onların danışdıqları dildə yox, onların dəblərində, adət-ənənələrində, toylarında, yaslarında, şənliklərində, rəqslərində, kilim və xalılarının naxışlarında görməkdəyik.

Xalxal şəhərinin gəzməli görməli yerləri:

Xalxal rayonunun tarixi abidələrdən məhrum olmasa da, daha çox gözəl və sehrli təbiəti ilə turistlər üçün cəlbedicidir. Gözəl təbii və memarlıq xüsusiyyətlərinə görə, turizm məkanı sayılan bu ərazidə bir çox kəndlər yerləşir. Bu rayonun yaşıl dağları, təpələri və dərələri, göl və çayları, istisu bulaqları da özünəməxsus gözəlliklərə malikdir.

Turistlər bölgənin gözəl təbiətindən həzz alarkən bal, süd məhsulları və yerli çörəklərdən, o cümlədən “Çay Çörəyi” deyilən dadlı çörəklərdən alıb evlərinə aparırlar.