• 21 Dekabr 2024
logo
“İmkan verməməliyik ki, düşmən qüvvələr ölkəmizin beynəlxalq imicini korlaya bilsin”-Qüdrət Həsənquliyev

“İmkan verməməliyik ki, düşmən qüvvələr ölkəmizin beynəlxalq imicini korlaya bilsin”-Qüdrət Həsənquliyev

“Hörmətli sədr, öncə sizi uğurlu səfəriniz münasibətilə təbrik edir və daha böyük uğurlar arzulayıram. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentini qarşıdan gələn doğum günü münasibətilə təbrik edir, çətin və şərəfli işində ona uğurlar diləyirəm. Dünən böyük islam səkkizliyinə, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir, ölkəmiz üçün daha vacib olan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün hökuməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili həmçinin bildirib: “Çin təqviminə inananlar üçün mənim ad günümdə başlayacaq yaşıl ilan ili müdrikliyin, yüksək intuisiyanın və yeniliyin simvolu hesab olunur. Avropa İttifaqının son qətnaməsini, Qərbdən gələn təzyiq və təhdidləri qətiyyətlə pisləməklə yanaşı, ölkəmizin maraqları naminə Şərq müdrikliyi nümayiş etdirib, Qərb ölkələri ilə münasibətdə yaranmış gərginliyin hansısa möcüzə nəticəsində aradan qalxacağını gözləmədən, gərginliyin azaldılması istiqamətdə qarşı tərəflə ciddi danışıqlar aparmağı təklif edirəm. Nəzərə almalıyıq ki, zorun meydan suladığı dünyada yaşayırıq. Bu gün regionun böyük dövlətləri qardaş Türkiyə, Rusiya, İran kollektiv Qərb tərəfindən onlara münasibətdə təyin olunmuş sanksiyaların yumşaldılması üçün ciddi səylər göstərirlər”.
Millət vəkili əlavə edib ki, təxribatçı qüvvələrin nə deyəcəyini düşünmədən, xalqımızın xoşbəxt gələcəyi üçün gərginliyin azaldılması istiqamətində atacağımız addımlar, böhtan və təhdidlərlə hökuməti qıcıqlandırıb onu xalqın gözündən salacaq qeyri-populyar qərarlar qəbul etməyə təhrik etmək istəyənlərə, layiqli cavab olar, islahatlar aparacağımız təqdirdə ölkəyə investisya qoyuluşuna və yeni texnologiya cəlbinə yol açardı: “İmkan verməməliyik ki, düşmən qüvvələr ölkəmizin beynəlxalq imicini korlaya bilsin.
Qarşı tərəfi-bu yalnız erməni millətindən olan terrorçu qatillərin azad edilməsini tələb edən Fransa deyil-inandırmalıyıq ki, müsəlman ölkəsi olmağımızı, xalqımızın sosial inkişaf səviyyəsini, yerləşdiyimiz coğrafiyanın çətinliklərini nəzərə almadan Azərbaycanın daxili işlərinə yersiz müdaxilə etməsin. Xalqı iqtidara qarşı qaldırmaq üçün, şərq mentalitetində qadınlara həssas münasibətin olmasından istifadə edib, gənc qızları ələ alaraq, onların taleyi və gələcəyi ilə oynamasın. Azərbaycana yönələn əsassız təzyiq və təhdidlərə, ikili standartlara son qoysun, bu siyasətin yaxşı heç nə vəd etmədiyini anlasın.
Sonda Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən amnistiya və əfvetmə haqqında qanun qəbul etməyi təklif edirəm!”.