• 22 Dekabr 2024
logo
VƏTƏN SEVDASINDAN DOĞAN QƏHRƏMANLIQ   və o ada layiq təqdimat

VƏTƏN SEVDASINDAN DOĞAN QƏHRƏMANLIQ və o ada layiq təqdimat

Otuz il düşmənin soyuq baxışları altında üşüyən cənnət Qarabağı özümüzə qaytaran 44 günülük Zəfər Savaşında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz Azərbaycan tarixinin şərəfli səhifəsini yazdı, belə demək mümükünsə, dünyaya ədalətli müharibə dərsi keçdi.

Bu gün həmin savaşda şəhidlik zirvəsinə yüksələnlərin ruhu qarşısında sayğı dürüşündayıq – əməlimizlə, yazdığımızla, yaratdığımızla, onların xatirəsini əbədiləşdirməyimizlə. May ayının 24-də “Qanun” nəşriyyatının akt zalında düzənlənən tədbir də bunun bariz nümunələrindən biri idi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən reallaşan “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsinin yekunu ilə bağlı keçirilən mətbuat konfransını və layihə çərçivəsində Faiq Balabəyli və Elnur Nəhmədin qələmə aldıqları “Onlar qəhrəmandır” kitabının təqdimat mərasimini, bütövlükdə şəhid və qazilərimizin anma mərasimi də adlandırmaq olardı. Hər çıxış edənin sözünün əvvəlində də, sonunda da onlar var idi. Bu günlərdə onlar hər yerdə var – sözümüzdə, səsimizdə, əməlimizdə, ürəyimizdə…

Tədbirdə ölkənin tanınmış ziyalıları, siyasət adamları, oxucular, yazıçılar, jurnalistlər və tələbələr iştirak edirdi.

Tədbiri giriş sözü ilə tanınmış şair, AYB üzvü, Prezident təqaüdçüsü Vasif Süleyman açaraq qonaqları salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində çox şərəfli bir işə imza atdı. Bizə şərəf hissini yaşadanlara layiq şərəfli bir işə… O şərəfli tarixi yazanlar arasında “Onlar qəhrəmandır” kitabının əsl qəhrəmanları – Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər, qazilər də var.

Sonra “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsinin başa çatması ilə bağlı məlumat vermək üçün ilk söz Layihənin rəhbəri, “DSD”İB-nin sədri, tanınmış şair Faiq Balabəyliyə verildi.

Faiq Balabəyli adı çəkilən layihənin 4 ay müddətində yekunlaşdığını dedi. Bu müddət ərzində “DSD” İB-nin layihə üzərində işləyən komandasının dəfələrlə Cəlilabad rayonunun Sabirabad kəndində olduqlarını, şəhid ailələri və qazilərlə görüşdüklərini, onların sosial problemlərinə dəstək olmaları üçün əlaqədar təşkilatlarla, icra nümayəndəliyi və bələdiyyə üzvləri ilə görüşdüklərini, kənd əhalisi arasında dövlətin şəhid ailələrinə və qazilərə göstərdikləri qayğı ilə bağlı sosial sorğu keçirdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Natiq lahiyə çərçivəsində Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhid və qazilər haqqında yazılan “Onlar qəhrəmandır” kitabının məziyyətlərindən bəhs etdi. Onu da xatırlatdı ki, kitabda birinci Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın müqəddəsliyi, suverenliyi uğrunda gedən döyüşlərdə, eləcə də Sovet Ordusu sıralarında – Əfqanıstanda beynəlmiləlçilik borcunu şərəflə yerinə yetirən, Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.

Tədbirdə adı çəkilən kitabın həmmüəllifi, Cəlilabad rayon H. Tağıyev adına 2 saylı tam orta məktəbin ədəbiyyat müəllimi, gənc yazıçı Elnur Nəhməd çıxış edərək, “DSD” İB tərəfindən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsinin uğurla həyata keçirilərək başa çatdırılmasından, araya-ərsəyə gələn lkitabın yazılması, materialların toplanması haqqında, eləcə də Cəlilabad rayonunun Sabirabad kəndində insanlarla, şəhid və qazi ailələri ilə keçirilən görüşlərdən danışdı.

Tədbirdə iştirak edən VHP-nın Siyasi Şurasının üzvü, tanınmış ziyalılar Hacı Mədət Rüstəmxanlı, Felmar Ələkbərli, Samir Əsədli, yazıçılardan Şərif Ağayar, Aləm Kəngərli, Rəfael Həbiboğlu, Aysel Səfərli, Esmira Günəş, Gülər Eldarqızı, Mir Bağır Bünyat, Fərhad Dəniz çıxış etdilər. Layihə çərçivəsində hazırlanan bu kitabın lazımlılığından, vacibliyindən bəhs etdilər və müəlliflərə, eləcə də layihə rəhbərinə təşəkkür etdilər, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin belə xeyirxah layihələrə dəstək olmalarını alqışladılar, dövlətin şəhid və qazilərə diqqətinin yüksək səviyyəsədə olmalarından söz açdılar.

Tədbirdə “DSD” İB-nin idarə heyətinin sədr müavinləri olan, gənc dənizçilər Fərrux Həmidli və Tural Səfərli də layihə çərçivəsində və kitabın dərc olunmasında öhdələrinə düşən işə ürəklə bağlandıqlarından söz açdılar.

Tədbirdə Cəlilabad rayonunun Sabirabad kəndindən olan iki tələbə – Azərbaycan Dillər Universitetinin tələbəsi Xumar Əliyeva və Xəzər Universitetinin tələbəsi Nəzrin Rzayeva çıxış etdilər. Onlar kəndlərinin şəhid və qaziləri ilə fəxr etdiklərini dedilər.

Tədbirdə həmçinin I Qarabağ müharibəsinin iştirakçıları olmuş, müharibə veteranları, istefada olan zabitlər Balabəy Səfərov və Nurəddin bəy çıxış etdilər. Balabəy Səfərov çıxışında hər iki müəllifə təşəkkürünü bildirdi, kitabda özü haqqında da məlumatların getməsini dedi və müharibə ilə bağlı xatirələrindən bəhs etdi.

… 44 günülük Zəfər Savaşında bütün Azərbaycan Vətən Sevdalısı olduğunu dünyaya nümayiş etdirdi. Bunlar bir kəndin VƏTƏN SEVDALILARIdır. Bu kitab onların Vətən eşqi haqqındadır. Hər kitab mağazasının yanından keçəndə ayaq saxlayın: “Maarif” nəşriyyatında 200 tiraj, 104 səhifə həcmində nəfis şəkildə dərc olunan kitabı soruşun. Müəllifləri Faiq Balabəyli, Elnur Nəhmət və Kəmalə Səfərova, redaktoru Hüseyn Sözlü, korrektorları Səyalı Vasifqızı və Aytəkin Həmidli olan kitabı deyirik… Bu gün onu ictimaiyyətə təqdim etdik.

Tural Balabəyli