• 9 Oktyabr 2026
logo
Maqomayevin 79 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi

Maqomayevin 79 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) SSRİ Xalq artisti Müslüm Maqomayevin 79 illiyinə həsr olunmuş gənc ifaçıların yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildirilib ki, iştirakçılar konsertdən əvvəl Müslüm Maqomayevin həyat və yaradıcılıq yolundan bəhs edən "Hər şey üçün sənə təşəkkür edirəm" adlı fotosərgi ilə tanış olublar.
Gənclər təşkilatlarının, Rusiyalı həmvətənlərin Azərbaycandakı təşkilatlarının nümayəndələri, Müslüm Maqomayevin yaradıcılığının pərəstişkarları gecənin qonaqları olublar.
Tədbirdə Müslüm Maqomayevin yaradıcılığına çox erkən başladığı bildirilib. Bakı Mədəniyyət Evinin səhnəsinə çıxış etməyə başlayanda onun cəmi 15 yaşı var idi.
Müslüm Maqomayev 1962-ci ildə Helsinkidə keçirilən Səkkizinci Ümumdünya Gənclər və Tələbələr Festivalında debüt çıxışından sonra tanınıb. Orada o, “Buxenvald harayı”nı ifa edib, bununla da dünyaya faşizmin dəhşətlərini xatırladıb. İstedadına və qaldırılan mövzunun aktuallığına görə festivalın laureatı olub. Elə həmin ildə Kreml Sarayının səhnəsində keçirilən Azərbaycan incəsənəti festivalında iştirakı müğənniyə ümumittifaq şöhrət gətirib.
Məşhur müğənni ilk solo konsertini 1963-cü ildə verir. İlk çıxışı üçün o, Çaykovski adına Konsert Salonunu seçir. Eyni zamanda M.Maqomayev Azərbaycan Opera və Balet Teatrına solist kimi qəbul olunur. 1964-cü ildə musiqiçi İtaliyaya gedir və burada Milandakı “La Scala” Teatrında iki il təcrübə keçir.
Gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, akademiyanı informasiya şöbəsinin müdiri Alyona İnyakinanın, akademiyanın tələbələri Emil İsmayılov, Nailə Xasıyeva, Baxar Məmmədova, Gülzar Hüseynovanın ifasında Müslüm Maqomayevin repertuarından əsərlər səslənib.