• 20 Sentyabr 2026
logo
“Torpaq əlimdə, bahar ürəyimdə”

“Torpaq əlimdə, bahar ürəyimdə”

Martın 1-də “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açıb.
Bu yarmarka ilk dəfə 2019-cu ildə Novruz bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən “Torpaq əlimdə, bahar ürəyimdə” adı ilə təşkil olunub və paytaxtın mərkəzinə əsl bayram sevinci gətirib. 2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası səbəbilə yarmarkanın keçirilməsi təxirə salınmasına baxmayaraq, qeydiyyata alınmış körpələr Fond tərəfindən müalicə və əməliyyata göndərilib.
Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq havada isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Novruz ab-havasını birlikdə kəşf edə bilərlər.
Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. Yarmarkanın nəticələri və ətraflı maliyyə hesabatı yarmarka bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq.
Yarmarkada qurulan evlərdə fəaliyyət göstərən kirayəçilər qeyd edirlər ki, burada insanlar həftə içi və erkən saatlarda axşama nisbətən daha az olur.
İradə Ramazanova deyir ki, yarmarkaya maraq Yeni illə müqayisədə azdır: “Yeni ildə insanlar daha çox yarmarkaya üz tutur, daha çox əylənir. Bunun səbəbi havaların qeyri-stabil keçməsi, ya da qiymətlərlə əlaqədar ola bilər. Başqa bir məsələ isə yarmarkanın açılış vaxtı ilə əlaqədardır. Çünki hər il yarmarka fəaliyyətə 15 martda başlayırdı, bu il isə mart ayının 1-dən. Ola bilər ki, vətəndaşların bir çoxu bundan xəbərdar deyil. Buna görə də yarmarkaya maraq az olmaqla bərabər, alıcılıq qabiliyyəti də aşağıdır”.
Daha çox çay, kofe kimi içkilərin satışı ilə məşğul olan və İrandan gəldiyini deyən Səid isə qeyd edir ki, müştərilərin marağı kifayət qədərdir: “İsti içkilər satdığıma görə mənim bazarımda digərlərinə nisbətdə durğunluq müşahidə olunmur”.
Aynur Əlizadə bildirir ki, tirə maraq həm Yeni ildə, həm də Novruz yarmarkasında çox olub: “İnsanlar əsasən axşamlar burada yarışıb, fərqli hədiyyələr qazanmağı sevirlər. Təbii ki, yarış olan yerdə onun izləyiciləri də çox olur. Ona görə də tirə maraq dəyişməz olaraq qalır”.
Bakı sakini Aqil Adıgözəlli yarmarkadakı ab-havadan razıdır: “Novruzun, baharın gəlişini burada hiss etmək olur. Son 2 il xalqımız üçün çətin keçib. Pandemiya və Vətən müharibəsi insanları psixoloji cəhətdən yorub. Ona görə də insanların bu cür məkanlarda vaxt keçirməyə ehtiyacı var. Arzu edirəm ki, üzümüzə gələn illər daha xoşbəxt illər kimi bizi qarşılasın və yaddaşımıza da o cür həkk olunsun. Hər kəsi bayram münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, 2 illik fasilədən sonra təşkil olunan “Torpaq əlimdə, bahar ürəyimdə” indiyədək “Nargis” Fondu tərəfindən təşkil olunmuş ən böyük xeyriyyə yarmarkasıdır. Belə ki, yarmarka ərazisində 63 böyük ev, 21 balaca ev, 3 restoran, oyun zonası, “yaz evi”, Novruz bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar quraşdırılıb.