• 8 Oktyabr 2026
logo
Ədəbi faciə və əbədi komediya

Ədəbi faciə və əbədi komediya

Son günlər yazıçı Çingiz Abdullayevin danışdıqlarının və yazdıqlarının, eləcə də onun haqqında yazılanların və danışılanların fonunda maraqlı proseslərə şahidlik edirəm.
Öncə deyim ki, istənilən şəxsə, o cümlədən Çingiz Abdullayevə qarşı kütləvi linç kampaniyasını qətiyyətlə pisləyirəm. Söyüş, təhqir, linç acizlərin “silahıdır”. Çingiz Abdullayevi müdafiə edənlərin arasında, yaradıcılığı üç qəpiyə dəyməyənlərin hikkəli, etikadan kənar, arqumentsiz, söz yığınından ibarət mülahizələrini də linç və təhqir “terminator”larının davranışlarından fərqləndirmirəm. Həm hücum, həm də müdafiə ikrah doğurur.
Xüsusilə də tomlarla, yox, “ton”larla kağız korlayan fikir, söz, ideya oğrularının, müxtəlif vasitələrlə özünü zorla Azərbaycan ədəbiyyatına sırıtdıran özünəvurğun, istedadsız, prinsiplsiz “kağız adamları”nın hikkəli ittiham və iddialarını, qəbul edə bilmirəm. Yaranmış vəziyyətlə də barışmaq niyyətim yoxdur.
...Çingiz Abdullayevin yaradıcılığı ilə Sankt-Petreburqda təhsil aldığım illərdən tanışam. Detektiv sevən bəzi məcaraçı dostlarımın bər-bəzəkli təqdimatlarından sonra, yazıçının “İnsan ovu” romanını varaqladım və elə oldu ki, yaşadığım tələbə yataqxanasındakı tanışlarımdan biri otağıma gələrək, “Kino evi”ndə, yuxarı kurs tələbələri və aspirantlar üşün Pyer Paolo Pozzalinin qadağan olunmuş “Salo, yaxud Sodomun 120 günü” filminin nümayiş etdiriləcəyini dedi. Bir neçə saniyə ərzində Abdullayevlə Pozallini arasında seçim etməyin “götür-qoy”unu yaşadım və təbii ki, ikincini seçdim.
Təxminən bir həftə sonra Abdullayevin “İnsan ovu”na “qayıda bildim”. Elə kitabın 5-6 vərəqini qatlamışdım ki, Çexov teatrının Sankt-Peterburqda qastrolda olduğunu və “Böyük teatr”da oynanılacaq “Albalı bağı”na dəvət aldığımı xatırladım. Və yenə bir neçə saniyə ərzində seçim etməli oldum... Bu dəfə Çexov və baş rolun – Firsin ifaçısı Evgeni Yesteqneyevlə Çingiz Abdullayev arasında... “İnsan ovu”nu qatlayıb qoydum bir kənara... Və beləcə, tərslikdən hər dəfə Çingiz Abdullayevin romanını oxumağa kimsə mane oldu: Gah Fyodr Abramov və Lev Dodin, gah Ernest Hemenquey, Teador Drayzer, İosif Brodski, Marina Svetayeva, Bertold Brext, Leonid Andreyev…, Lev Qumilyov, Nikolay Berdyayev, Vladimir Solovyov, Jan Pol Sartr, Alber Kamyu, Erik From, Niçşe, Freyd və saysız-hesabsız “otaq və yol yoldaşlarım” Çingiz Abdullayevin kiçicik kitabxanamda müvəqqəti yer alan romanını oxumağıma imkan vermədilər. İnsafsızlar!
Bakıya qayıtdıqda isə artıq ədəbi zövqüm tamamilə formalaşmışdı və bu baxımdan, çox nadir hallarda və çox nadir kitabları oxumağa üstünlük verirdim. Sankt-Peterburqdakı müəllimlərimin, dostlarımızın mənə, istəyimə uyğun olaraq, göndərdikləri kitabları oxuyurdum, şübhəsiz. Digərlərini isə, demək olar ki, yox... Təfərrüatına varmıram, daha doğrusu, varmaq istəmirəm.
...Bütün bunları nə üçün yazdım? Ona görə ki, Çingiz Abdullayevin yaradıcılığı ilə mənim ədəbi zövqüm arasındakı uçurumun üzərində bundan sonra, dünyanın ən yaxşı mütəxəssilərinin belə “körpü” inşa edə biləcəklərinə inanmıram. Və təbii ki, hörmətli Çingiz Abdullayev haqqında aparılan müzakirələrin fonunda “Biləcəridən o yana keçən, yaxud keçməyən ədəbiyyat” nümunələri haqqında iddiaları də ikrah hissi ilə qarşılayıram. Hər gün “Biləcəridən o yana” çoxsaylı yük qatarları keçir. İçərisində neft, yaxud sıxılmış təbii qaz olanları da var, daş-çınqıl daşıyanları da... Önəmli olan “Biləcəridən o yana” keçmək deyil, nəyin və necə keçməyidir.
Çingiz Abdullayev və daha bir neçə nəfər istisna olmaqla, “Biləcəridən o yana” keçən “əsər”lərin hansı kriteriyalara cavab verdiyini və ölkə sərhədlərindən kənara necə “qanadlanıb uçduqlarını” çox gözəl bilirəm.
Təxminən 11 ildir ki, bir kitabı ərsəyə gətirə bilmirəm. Hər dəfə bir problem çıxır ortalığa. Oxucu problemindən başqa nə desən varımdı...
Ölkənin sərhədləri daxilində gün işığına çıxara bilmədiyim bir kitabı ölkədən kənara kim çıxaracaq? Kimin nəyinə lazımdır? Kimlərisə özümlə bərabər təqdimat mərasimlərinə aparmaq, ziyafətlər vermək, təqdimatlar keçirmək imkanım yoxdur. Mənim kimi onlarla yaradıcı şəxs var Azərbaycan ədəbiyyatında. Mübaliğəsiz deyirəm, keyfiyyətli tərcümə ilə əsərləri dünyanın əksər ölkələrində ədəbi hadisəyə çevrilə bilər.
Çəkilib dayanmışıq bir küncdə... Qısılıb qalmışıq. Küncdən baxırıq məmləkətə də, dünyaya da...
...Zənnimcə bu ölkədə, mütləq əksəriyyətin, bütövlükdə Azərbaycan ədəbiyyatı adına dünyada uğur qazanmaq kimi bir niyyəti yoxdur. Hər kəs özünü, yaxud özünə bab bildiyini “dartıb” aparmaq istəyir haralarasa. Azərbaycanda bir çox sahələrdə olduğu kimi ədəbiyyatda da forma var, məzmun isə çoxdan itirilib! Vaxtını itirən adamlar və adamlarını itirən vaxt kimi...
Beynindən və ağzından horra tökülən “tədqiqatçılar”ın, feodal təfəkkürlü “dilçi” və “ədəbiyyatçı”ların, ideya və fikir oğrularının, ədəbi və ədəbi dələduzların əlində qalmışıq. Xəzərin sahilləri necə hasarlanıbsa, ədəbiyyatın sərhədlərində də eləcə və bəlkə də daha hündür istehkamlar qurulub. “Bacarırsan”, keç...
Ədəbi ölçü vahidi yoxdur bu məmləkətdə, şou var, dekorasiya var, fon var, görüntü var! Mənim gördüyüm mənzərə budur. Ola bilsin ki, üslubuma uyğun bir az kəskin ifadələrlə “bəzəyirəm” bu mənzərəni...
...Qayıdaq “Biləcəri” məsələsinə. Vallah, billah mən “Qırmızı körpü”yə qədər gedib çıxmışam. Amma ordan o yana, hələ də bitmək bilməyən “karantin” səbəbindən keçə bilməmişəm. “Uçmağı” isə çoxdan yadırğamışam. AZAL-ın qiymətlərini nəzərdə tutmuram, “ədəbi uçuş”u deyirəm. Hər gün üfürülüb göyə buraxılan “söz yığını” şarlarının arasından uçub keçmək olmur. Göy üzündə də “tıxac” var. “Lələk”lərini yolub uraxacaqlar üzüaşağı...
Bu qədər...
Qadasını aldığım məmləkətdə, baş verənlərə küncdən baxan ƏDƏBİYYAT və göz önündəki, ortaqlıdakı iki janr - ədəbi faciə və əbədi komediya arasında var-gəl edən, “Ağıdan bəla” çəkənlərə ikrah hissi ilə baxan “farmazon”lar var. Ona görə də FORMAmız UZUN, məzmunumuz isə qısadır.

Elçin Mirzəbəyli