Əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanacaq.
Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin.