Separatçılar isə Avropaya üz tutublar
“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan baş nazir olmaq iddiasından əl çəkmək fikrində olmadığından xalqı Paşinyana qarşı üsyana hazırlamaqda davam edir. Dünən Azərbaycanla sərhədə gəlir. Ermənistan Teleqram kanallarının məlumatına görə, Baqrat Göyçə mahalında mitinq keçirib. Həmçinin keşiş bildirib ki, yaxın gələcəkdə Zəngəzura da getmək niyyətindədir.
“Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyan iyunun 9-da İrəvanda yeni mitiq keçirmək üçün ermənilərə çağırış edib. Erməni mətbuatı məlumat yayıb ki, həmin gün meydanda minimum 100 min insana ehtiyacımız var. Bu, qələbəmiz üçün son dərəcə vacibdir. Beləliklə, işə başlayırıq”, - Qalstyan bildirib.
Qeyd edək ki, keşiş Baqrat Qalstyanın növbəti mitinqi 9 iyun saat 18:00-a planlaşdırılıb
Ötən gün “Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyanla Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Dzoraxburdakı malikanəsində görüşü olub.
“Hraparak” qəzeti məlumat yayıb ki, görüşdə keşiş Baqrat Sərkisyandan mübarizəsinə dəstək istəyib.
“Qalstanyan hərəkatın gələcək taktikasının nədən ibarət olmasından, xüsusən də hər zaman parlamentdə baş nazirin impiçmentinin tərəfdarı olduğundan, lakin indi küçə təzyiqinin artması yolunu tutduğundan danışıb. Sərkisyan isə bildirib ki, onun rəhbərlik etdiyi Respublika Partiyası hərəkata dəstək verib, respublikaçılardan ibarət ayrı-ayrı qruplar vaxtaşırı Kirantsa gedib-gəliblər. Eks-prezident gələcək hakimiyyət sistemində yer tutmaq fikrində olmadığını da deyib və bildirib ki, əsas odur, ölkə Paşinyanın hakimiyyətindən qurtulsun”, - məlumatda deyilir.
Qeyd edək ki, keşiş Baqratın rəhbərlik etdiyi revanşist hərəkat impiçment prosesinin ilk mərhələsini belə başlada bilmədi, küçə mübarizəsi isə artıq tənəzzülünü yaşayır.
Yerli mətbuat onu da yazır ki, Ermənistan İstintaq Komitəsi 29 yaşlı vətəndaşa qarşı “Vətən naminə Tavuş” qisasçı hərəkatın aksiyalarında iştirak etmək üçün insanlara rüşvət vermək ittihamı ilə iş açıb.
“İnternetdə iki nəfərin söhbətinin səs yazısı dərc edildikdən sonra cinayət işi başlanıb. Həmin səs yazısında onlardan biri müxalifət hərəkatının mitinqlərində iştiraka görə ona vəd edilən məbləğin tam ödənilməməsindən şikayət edir. Keçirilən əməliyyat tədbirləri zamanı həmin şəxslərin şəxsiyyəti, adları və məbləğləri göstərilən dəftərlərlə birlikdə müəyyən edilib. Daxil olan məlumat əsasında Kotayk (Yelqovan) rayonunda məskunlaşan 29 yaşlı şəxs saxlanılıb. O, 4 nəfərə etiraz aksiyalarında iştirak etmək üçün 5 min dram (12 dollar - red.) rüşvət verməkdə ittiham olunur”, - məlumatda deyilir.
Bu arada separatçıların Qarabağdan İrəvana qaçdıqdan sonra yaratdıqları qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin üzvlərinin yenidən Avropa “turnesi” başlayıb.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma “komitə” Avropada növbəti görüşlər keçirməyi planlaşdırır.
“Joxovurd” qəzeti yazır ki, qondarma “komitənin” “ermənilərin Qarabağa qayıdışı üçün beynəlxalq zəmanətin əldə edilməsi”ndən ibarət olan gündəliyi dəyişməyib. Qəzetin məlumatına görə, qondarma “komitə”yə “daşnaksütyun” partiyasının Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, bu partiyadan olan Mario Nalbandyan, eləcə də separatçıların keçmiş “deputatı” Geqam Stepanyan və Respublika Partiyasından olan keçmiş deputat Karen Bekaryan da cəlb edilib.
Qeyd edək ki, qondarma “komitə”nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir. Oskanyanın rəhbərlik etdiyi təxribatçı qrup indiyə qədər Avropanın müxtəlif ölkələrində və ABŞ-da görüşlər keçirib.
Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini və işğalda saxladıqları 4 kəndin qaytarılmasını bəhanə edərək, daxili xaos və itaətsizliklə hakimiyyəti ələ keçirməyə çalışan erməni müxalifətin son ümidi də ölmək üzrədir.
Keşişi önə verərək, xalqın kilsəyə mümkün inamından istifadə etməyə çalışan Sərkisyan və Köçəryan komandasının başlatmaq istədiyi revanşist hərəkat növbəti iflasını yaşayır.
Bir müddət öncə keşiş keçə hərəkatını “hüquqi müstəviyə keçirmək” və Nikol Paşinyanın impiçmentinə nail olmağa çalışdı. Eynilə ötən il Saqatelyanın rəhbərlik etdiyi taktika ilə buna cəhd etdi və bəlli oldu ki, nəinki Paşinyanın impiçmentini həyata keçirməyə, hətta onu müzakirəyə çıxarmağa belə deputat imzası kifayət eləmir. Belə ki, Paşinyanın impiçmentini parlamentə müzakirəyə çıxarmaq üçün 36 deputatın imzası lazımdır. Köçəryanın “Ermənistan”, Sərkisyanın “Şərəfim var” fraksiyası isə birlikdə 35 deputat mandatına sahibdir (“Ermənistan” 29, “Şərəfim var” fraksiyasının 6 deputatı var). “Şərəfim var” fraksiyasından ayrılan və müstəqil fəaliyyət göstərən bir deputat ilkin razılığını versə də, sonradan ümumiyyətlə bu mövzu gündəmdən çıxdı. Məlum oldu ki, Baqrat impiçmenti müzakirəyə çıxarmağa 36 deputat imzası tapmırsa, impiçmentin təsdiqlənməsi üçün 54 deputatı (Ermənistan parlamentinin 107 deputatı var, baş nazirin impiçmenti üçün minimum səs çoxluğu lazımdır) yola gətirmək mümkünsüzdür. Nikol Paşinyan isə parlamentdə 71 deputatla təmsil olunur və mütləq üstünlükdədir.
Beləliklə, “hüquqi yol” ilk cəhddəcə alınmadı, İrəvanda nəqliyyatın hərəkətini iflic etmək istəyi də iştirakçı azlığından nəticə vermədikdə yenidən regionlara üz tutan keşiş Baqrat ötən gün Gümrüdə növbəti mitinq keçirib. O, regionları aktiv olmağa çağırdıqdan sonra yaxınlarda İrəvanın mərkəzində daha bir genişmiqyaslı mitinqə hazırlaşdığını deyib və elan edib ki, ola bilsin, bu, mitinq yekun olacaq. Yəni keşiş Baqrat artıq “mübarizənin” heç bir nəticəsi olmadığını nəhayət anlayıb və yekuna hazırlaşır.
Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan deyib ki, keşiş Baqrat Qalstanyan və dəstəsi Rusiya məcburiyyəti üzündən küçələrdə qalmaqda davam edirlər.
“Artıq varlıqları mənasızdır. Qarşılarına məqsəd qoymuşdular ki, 7-10 gün ərzində hakimiyyət dəyişikliyi edəcəklər, amma buna nail ola bilmədilər. Tükəniblər, yorulublar, yanlarda adam da qalmayıb. Evlərinə getmək üçün rəsmi bəhanələri olsaydı, gedərdilər. Qalstanyan əslində bunu istəyir, hətta təxribata da gedər ki, onu götürüb aparsınlar”, - siyasətçi qeyd edib.
Sukiasyan Qalstanyan və dəstəsinin Rusiya tərəfindən idarə olunduğunu qeyd edib: “Qarşısına qoyulan əsas məqsədə - hakimiyyəti devirməyə müvəffəq olmadı, bacarmadı və bacarmayacaq. Mən bu insanı görəndə ikrah hissi keçirirəm, əsəblərim pozulur”.
Siyasətçi Baqratın Baş nazir Nikol Paşinyan və komandasının ondan qorxması ilə bağlı iddiasını gülünc adlandırıb:
“Bu adam bitib, küçələrdə gəzən ruhudur. Yorulub, sıradan çıxıb. Təklif edirəm ki, geri dönsün, dağın başına qalxsın və Ermənistanın xilası üçün dua etsin. Onun Ermənistana xidməti bu olardı”.
Sukiasyanın sözlərinə görə, hərəkatın bir neçə gün ömrü qalıb, çünki tamamilə tükənib:
“Daha bir neçə gün davam edəcəklər, sonra dayanacaqlar. Çünki xalqdan dəstək yoxdur, atdığı hər addımda özünə nifrət qazandırır. Cəmiyyətdə ona qarşı güclü nifrət var. Güman edirəm ki, həddini aşsa, insanlar kilsəmizi eybəcərləşdirən, təhrif edən, gözdən saldığı üçün ondan qisas ala bilərlər”.
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq.
O qeyd edib ki, Ermənistan təkliflərini bir neçə gün bundan öncə Azərbaycan tərəfinə təqdim edib.
"Onu deyim ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir. Yəni biz burada müsbət dinamika müşahidə edirik”, - nazir əlavə edib.
O, həmçinin erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdini qəbuledilməz adlandırıb.
Nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır:
"Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolvermilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq".
Xatırladaq ki, iyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın təklifləri Bakıya təqdim etdiyini açıqlayıb.
Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.
Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.
Cavid