Böyük Britaniyanın Nazirlər Kabinetinin üzvü Maykl Qouv Rusiya Prezidenti Vladimir Putinə yaxın rusiyalı oliqarxlarının Britaniyadakı daşınmaz əmlakının onlara təzminat ödəmədən müsadirə edilməsi təklifi hazırlayır.
Bu barədə "Financial Times" yazır.
Bildirilir ki, Leyboristlər Partiyası tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Putinə yaxın insanlara qarşı yetərincə tədbir görməməkdə günahlandırılan Britaniyanın Baş naziri Boris Conson Qouvun sanksiyaya məruz qalan oliqarxların torpaqlarını və daşınmaz əmlaklarını müsadirə etmək planlarını dəstəkləyir.
Hökumətin hüquqşünasları isə xəbərdarlıq edirlər ki, belə bir qərar Böyük Britaniyanın zəmanətli mülkiyyət hüququnu pozur və hüquqi problemlərə səbəb ola bilər.
Qeyd olunur ki, yaşayış tikintisi və yerli idarəetmə naziri, həmçinin dövlətlərarası əlaqələr naziri vəzifələrində çalışan Qouvun təklifləri ilə bağlı rəsmi qərar hələ qəbul edilməyib.
Mənbələr deyir ki, Qouvun planı Britaniya sanksiyaları altında olan 9 rusiyalı oliqarxı əhatə edir. Bundan əvvəl Böyük Britaniya hökuməti onların ölkədəki aktivlərinin dondurulmasını və ölkəyə girişinin qadağan edilməsini təklif etmişdi.
Bazar ertəsi Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, Britaniya hökuməti sanksiyaya məruz qalacaq Putinə yaxın rusiyalı oliqarxların siyahısı üzərində işləyir.
Avropa İttifaqı bundan əvvəl 25-dən çox rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edib.