Baltikyanı ölkələr (Litva, Latviya və Estoniya), nəhayət, Rusiyanın rəhbərlik etdiyi BRELL (Belarus, Rusiya, Estoniya, Latviya, Litva) elektrik şəbəkəsindən ayıraraq Avropa şəbəkəsinə qoşulub.
Baltikyanı ölkələrin Rusiya enerji asılılığından çıxması
Latviya, Litva və Estoniya kontinental Avropa şəbəkəsinə qoşulan son Aİ ölkələri oldu. Baltikyanı ölkələr kontinental Avropa sinxron zonasına Litva-Polşa elektrik ötürücü xətti olan “LitPol Link” vasitəsi ilə qoşulub.
“BRELL” uzun müddət iştirakçı ölkələrin sabit enerji təchizatını təmin edib. Lakin geosiyasi vəziyyət və enerji muxtariyyəti istəyi, eləcə də Rusiya ilə Ukrayna arasında münaqişə Baltikyanı ölkələrin bu şəbəkədən uzaqlaşmasına səbəb olub.
Baltikyanı ölkələr Rusiyadan kommersiya və balans elektrik enerjisi almaqdan hələ 2022-ci ildə imtina etmişdi, lakin “BRELL” daxilində sərhəd elektrik xətləri vasitəsilə kiçik həcmdə texniki elektrik enerjisinin axını hələ də həyata keçirilirdi.
Aİ şəbəkəsi ilə sinxronlaşma 18 il çəkdi
Üç ölkənin elektrik şəbəkəsinin Aİ şəbəkəsi ilə Sinxronlaşdırmasını hazırlamaq 18 il çəkdi. Proqramın rəsmi başlanğıc tarixi 2007-ci il hesab olunur. 2015-ci ildən bəri onun təşviqi üçün xüsusilə fəal səylər göstərilir. Tərəfdaşlar son 7 il ərzində müxtəlif mürəkkəblikdə 40-a yaxın texniki layihəni həyata keçirməli olublar. Sinxronlaşdırma proqramının dəyəri təqribən 1,6 mlrd. avro təşkil edib ki, bunun da əksər hissəsi Aİ-nin vəsaiti hesabına həyata keçirilib.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov APA-ya açıqlamasında Baltikyanı ölkələrin Rusiya ilə ümumi enerji sistemindən ayrılmasının gözlənilən olduğunu deyib: “Bu, normal hadisədir. Burada heç bir qeyri-adi bir şey yoxdur. Baltikyanı ölkələr bunun üzərində haradasa 20 ilə yaxındır, işləyirdi. Bu, təbiidir. Ona görə ki, onlar Avropa İttifaqının üzvüdürlər və Aİ-nin vahid enerji sisteminə qoşulmalı idilər. Üstəlik, Avropa İttifaqı Rusiya ilə hərbi münaqişədədir. Ona görə də Baltikyanı ölkələr tez bir zamanda bunu həyata keçirməyə çalışdı. Bu səbəbdən Rusiya üçün Baltikyanı ölkələrin ümumi enerji sistemindən ayrılması çoxdan gözlənilən idi”.
Markovun sözlərinə görə, Baltikyanı ölkələri Rusiya ilə ümumi enerji sistemindən ayırmaq Avropa İttifaqına çox baha başa gəlib: “Bu, Aİ-nin büdcəsinə yükdür. Avropa bu məsələnin həyata keçməsi üçün böyük pullar xərcləyib. Onlar bunu daha çox özlərinin siyasi cəhətdən təhlükəsizliyini təmin etmək üçün ediblər”.
Markov Rusiyanın bu məsələdən faydalanacağını düşünür
Rusiyanın bundan nə itirəcəyi məsələsinə toxunan politoloqun fikrincə, Rusiya bundan ancaq pul itirəcək: “Bu pulun da həcmi o qədər böyük deyil. Latviya, Litva və Estoniyadan Rusiya nə qədər pul qazana bilərdi ki? Orada praktiki olaraq sənaye yoxdur. Zəif kənd təsərrüfatı və xidmət sahəsi var. Aİ-nin büdcə pulları hesabına onlar mobil telefonlar, televizorlar alırlar. Telefon, televizor və digər məişət avadanlıqlarının istifadə etdiyi enerjidən nə qədər pul qazanmaq olar ki? Ona görə də Rusiya iqtisadiyyatının bundan itkisi olduqca azdır. Hətta mən deyərdim ki, bunun Rusiyaya xeyri olacaq. Çünki Rusiya həmin elektrik enerjisindən daxili iqtisadiyyatını inkişaf etdirmək üçün istifadə etmək imkanı əldə edəcək”.
Latviyadan olan iqtisadçı-ekspert Dainis Qaşpuitis APA-ya açıqlamasında bu keçidin enerji təhlükəsizliyi ilə əlaqədar olduğunu bildirib: “Bu keçid Rusiya enerji infrastrukturundan olan asılılığımızı əhəmiyyətli dərəcədə azaldır. Bu strateji addım daha etibarlı enerji mənbələri təmin etməklə yanaşı, geosiyasi manipulyasiya, enerji şantajı və ya xarici təsirlərdən yaranan riskləri minimuma endidir”.
Ekspertin sözlərinə görə, enerji keçidi zamanı elektrik enerjisinin kəsilməsindən hansısa narahatlıqların yaşanması ilə bağlı irəli sürülən ilkin fikirlər əsassızdır: “Həqiqətən də keçid baş tutan axşam hər hansı problem olmadı, enerji təchizatında kəsinti yaranması, çünki ölkələr bu dəyişiklik üçün lazımı hazırlıqları görmüşdü.”
Qiymətlər sabit qalıb
Keçiddən sonra elektrik enerjisinin qiymətləri ilə bağlı məsələyə toxunan latviyalı ekspert qeyd edib ki, qiymətlər sabit olaraq qalıb, lakin uzunmüddətli dövrdə şəbəkə balanslaşdırılması əlavə xərc tələb edə bilər: “Xüsusilə, müxtəlif bölgələr arasında şəbəkə sinxronlaşdırılması tələb olunduğundan, ötürmə qiymətləri təxminən 5% artacaq. Bu kiçik artım, şəbəkə sinxronlaşdırılmasını həyata keçirmək üçün əməliyyat xərcləri ilə bağlıdır, ümumilikdə isə, xarici enerji mənbələrinə olan asılılığımızı azaldaraq əldə edilən enerji təhlükəsizliyi və müstəqillik üçün məqbul mübadilə təşkil edir.”
Rusiyanın enerji şantajından azad olma
İqtisadçı-ekspert Zəfər Vəliyevin fikrincə, Latviya, Litva və Estoniyanın Kontinental Avropa Sinxron Şəbəkəsinə qoşulması Baltikyanı ölkələri Rusiyanın enerji şantajından azad edib.
Ekspert APA-ya deyib ki, hələ 2023-cü ilin avqust ayında üç Baltikyanı ölkənin baş nazirləri Avropa Komissiyasının razılığı ilə 2025-ci ilin dekabr ayına qədər elektrik şəbəkələrinin Avropa ilə sinxronlaşdırılması haqqında Bəyannamə imzalayıblar. Nəticədə, 10 ay tez, yəni cari ilin fevral ayının 8-də Baltikyanı ölkələr Rusiya, Belarus və Rusiyaya məxsus Kalininqrad anklavını birləşdirən IPS/UES elektrik ötürücü şəbəkəsindən ayrılaraq, fevral ayının 9-da Polşa üzərindən, Avropanın qərbində Portuqaliyadan tutmuş şərqdə Ukrayna, Türkiyə daxil əksər Avropa ölkələrini əhatə edən Kontinental Avropa Sinxron Şəbəkəsinə (UCTE şəbəkəsinə) qoşulub.
“Bu akt hər üç Baltikyanı ölkənin enerji təhlükəsizliyi və Rusiyadan enerji asılılığının azaldılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir. Hər üç ölkə diplomatları açıq bəyan edirlər ki, bu tarixi akt Baltikyanı ölkələri Rusiyanın enerji şantajından azad etdi”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Krımın ilhaq edilməsi, ardınca 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Aİ-nin Rusiyanın enerji daşıyıcılarından asılılığına son qoyulması istiqamətində atılan addımlardan biri də Rusiyadan elektrik enerjisinin idxalına son vermək məsələsi idi ki, o da öz həllini tapdı.
Aİ ölkələri Rusiyanın enerji daşıyıcılarından tam imtina edəcək
“Ümumiyyətlə, yaxın perspektivdə Aİ ölkələri Rusiyanın enerji daşıyıcılarından (neft, qaz, kömür, neft məhsulları və s.- red.) tam imtina edəcək, bunu da açıq bəyan edirlər”, - Zəfər Vəliyev əlavə edib.
İstisadçı-eksper Eldəniz Əmirov isə hesab edir ki, tək Baltikyani ölkələr deyil, Rusiyanı əhatə edən bütün qonşular onun bugünkü xarici siyasətindən qaynaqlanaraq mütləq şəkildə bu ölkədən asılılıqlarını azaltmaq məcburiyyətindədir.
“Buna görə də Estoniya, Latviya və Litvanın enerji sistemlərini bilavasitə Rusiyanın rəhbərlik elədiyi “BRELL” şəbəkəsindən ayırmaq üçün Avropa İttifaqı tərəfindən 1,22 mlrd. avro həcmində dəstək göstərilib. Bu proses bir müddət əvvəldən davam edirdi. Çünki birmənalı olaraq, Baltikyanı ölkələri daha etibarlı bir kontentə çatdırdı. Bunun nəticəsi olaraq, sinxronlaşdırma prosesi fevralın birinci ongünlüyündə tamamlandı, nəticədə, artıq Rusiya və Belarus enerji şəbəkəsindən asılı olan Baltikyanı ölkələr öz enerji təhlükəsizliyini qat-qat daha yuxarı səviyyədə təmin etmiş oldu”, - Eldəniz Əmirov qeyd edib.
Bu Rusiya üçün itkidir
Eldəniz Əmirov APA-ya açıqlamasında bildirib ki, bu proses birmənalı olaraq Rusiya üçün itkidir, Baltikyanı ölkələr üçün isə etməli olduqlarının yerinə yetirilməsi deməkdir.
“Bu, Rusiya üçün enerjiyə nəzarətin və geosiyasi nüfuzun daha da itirilməsinə gətirib çıxarır, eyni zamanda külli miqdarda maliyyə itkiləri deməkdir. Baltikiyanı ölkələr üçünsə biz bunu daha təhlükəsiz enerji tərəfdaşına qovuşmaq, eyni zamanda, risklərin idarə edilməsi və keyfiyyətli enerji təchizatı ilə təminat baxımından uduş olaraq qiymətləndirə bilərik”, - deyə Eldəniz Əmirov vurğulayıb.